Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun “Ana tarla” əsərinin tamaşası ilə açıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunan tamaşadan öncə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov çıxış edərək, iki ölkə arasındakı əməkdaşlıqdan söhbət açıb.
Sonra “Ana tarla” tamaşası nümayiş olunub. Rolları Əməkdar artistlər Hüsniyyə Mürvətova, Səmayə Sadıqova, aktyorlar Rəşad Kəsəmənli, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov, Ülviyyə Rza, İsmayıl Atakişiyev və başqaları ifa ediblər.
Əsər doğma yurda və torpağa sadiq olan sadə insanlardan bəhs edir. Tamaşada İkinci Dünya müharibəsində insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə ümidləri əks olunur.