Sentyabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərində COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), COP29-un ev sahibi Azərbaycan Respublikasının və gələn il COP30-u qəbul edəcək Braziliyanın – COP Sədrlikləri Üçlüyü mədəniyyət nazirlərinin görüşü olub.
Nazirlər Sankt-Peterburq şəhərində keçirilən BRICS ölkələrinin mədəniyyət festivalı çərçivəsində bir araya gəliblər. Festivalda bu yaxınlarda BRICS formatına qoşulmaq üçün müraciət etmiş Azərbaycan da təmsil olunur.
Üçtərəfli görüş bu ilin noyabr ayında COP29 çərçivəsində keçiriləcək mədəniyyət nazirlərinin İkinci Yüksək Səviyyəli Görüşünün proqram və formatını müəyyən etmək məqsədilə keçirilib.
Görüşdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, BƏƏ-nin mədəniyyət naziri Səlim bin Xalid əl-Qassimi və Braziliyanın mədəniyyət naziri Marqaret Menezes iştirak ediblər.
Qeyd edək ki, Şarm Əl-Şeyxdə (Misir) keçirilmiş COP27-dən başlayaraq beynəlxalq gündəlikdə mədəniyyətin iqlim fəaliyyətindəki rolu aktuallıq qazanmağa başlayıb. Ötən il Dubayda keçirilən COP28 zamanı “Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Bəyannamə” qəbul olunub. Bu çərçivədə 30-dan çox nazir və hökumət nümayəndəsini, həmçinin beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini bir araya gətirərək mədəniyyətin transformativ iqlim fəaliyyətindəki rolunu əhatə edən mədəniyyət nazirlərinin Birinci Yüksək Səviyyəli Görüşü keçirilib.
Azərbaycan da öz növbəsində bu məsələni xüsusi diqqətdə saxlayır və qlobal səviyyədə müzakirə olunması istiqamətində davamlı işlər aparmaqdadır. 2024-cü ilin 1–3 may tarixlərində Bakıda keçirilən VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı iqlim və irs üzrə ekspertlərin iştirakı ilə xüsusi plenar sessiyanın təşkil edilməsi də buna nümunədir.
Görüşdə BƏƏ və Braziliya nazirləri Azərbaycan tərəfinə bu məsələləri daima diqqətdə saxladığına və beynəlxalq müstəvidə təbliğ etdiyinə görə təşəkkürlərini bildiriblər.
COP29-un hazırlıq işləri ilə də tanış olan hər iki ölkənin mədəniyyət nazirləri hazırlıq işlərini yüksək qiymətləndirib və Bakıda keçiriləcək COP29-un ən yaddaqalan tədbir olacağına əmin olduqlarını ifadə ediblər.
Görüş zamanı nazirlər COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan əlavə tədbir, təşəbbüs, o cümlədən konsert və şou-proqramlar barədə də fikir mübadiləsi aparıblar.