Hər il Azərbaycanın ayrı-ayrı rayonlarında yerli sakinlərin, eləcə də qonaqların böyük maraqla qatıldığı regionlarımızın təbiət nemətlərinə – meyvələrə (nar, alma və s.) həsr olunan festivallar keçirilir. Bu günlərdə onların sırasına daha biri qoşulacaq.

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Moruq festivalı keçiriləcək. 14-15 sentyabr tarixlərini əhatə edəcək festival rayonun Keşkü kəndində təşkil olunacaq. Festivalda qonaqlara moruqdan hazırlanan müxtəlif təamlar və içkilər təklif ediləcək.

Festival çərçivəsində həm uşaqlar, həm də böyüklər üçün əyləncəli proqramlar və konsert nəzərdə tutulub. Təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün isə xüsusi ərazi ayrılacaq.  Yerli sənətkarların əl işlərindən ibarət yarmarka da keçiriləcək.