Sentyabrın 11-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib ki, iclasda 2025-ci və növbəti üç il üzrə dövlət və icmal büdcələrinin layihələri, mövcud iqtisadi vəziyyət və 2024–2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2025–2028-ci illərdə büdcə siyasətinin əsas istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və digər məsələlər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2025-ci ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Büdcə zərfi layihələri Nazirlər Kabinetində baxıldıqdan sonra Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.