Beynəlxalq Muğam Mərkəzinin (BMM) Özbəkistanın təhsil və mədəniyyət ocaqları ilə əlaqələri genişlənir. BMM ilə Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu (27 avqust) və Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universiteti (28 avqust) arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Sənədlər 26-30 avqust 2024-cü il tarixində Səmərqənd şəhərində təşkil edilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın sonunda imzalanıb.

Memorandumlarda hər iki ali təhsil müəssisə ilə qarşılıqlı elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işləri, qarşılıqlı konsert və digər mədəni layihələr, ustad dərsləri kimi məsələlər əksini tapıb.

Xatırladaq ki, bundan əvvəl BMM ilə Özbəkistanın Milli Makom Sənət Mərkəzi və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq memorandumları imzalanıb.

Onu da bildirək ki, XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında münsiflər heyətinə sədrlik edən BMM-in direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” konfransında məruzə ilə çıxış edib.  

Lalə