Qonşu ölkənin üç muzeyi ilə əməkdaşlığa dair memorandumlar imzalanıb

 

Xəbər verdiyimiz kimi, 11-14 sentyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilib.

Forumda iştirak edən Azərbaycan nümayəndə heyətində Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da təmsil olunub. Mədəniyyət və elm sahələrinin nümayəndələrini qloballaşma şəraitində mədəni suverenliyin perspektivlərinin müzakirəsi üçün bir araya toplayan forumda həmçinin sənətin milli ənənələrin və tarixi-mədəni irsin qorunmasındakı rolu diqqət mərkəzinə gətirilib.

Forumun “Tarixi binalarda muzeylər” adlı sessiyasında çıxış edən Şirin Məlikova bildirib ki, tarixi binalarda yerləşən muzeylər mədəni irsin qorunmasında mühüm rol oynayır. Bu cür unikal məkanlar yalnız eksponatların saxlanıldığı yerlər deyil, eyni zamanda memarlıq abidəsi kimi ziyarətçilərdə təkrarolunmaz təəssürat oyadırlar.

Forum çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Mədəni əlaqələrin və elmi-tədqiqatların inkişafında mühüm addım kimi qiymətləndirilən memorandumu Şirin Məlikova və Dövlət Ermitajının elmi işlər üzrə baş direktor müavini Georgi Vilinbaxov imzalayıblar. Memorandumda muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində birgə əməkdaşlıq, Ermitajın AMİM-in Qərbi Avropa incəsənətinə aid eksponatlarının atribusiyasına yardım göstərməsi, bərpa məsələləri üzrə məsləhətləşmələr, mütəxəssislərin təcrübə mübadiləsi, eləcə də Azərbaycanda “Ermitaj günləri”nin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Beynəlxalq tədbir çərçivəsində həmçinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rəssamlıq Akademiyasının Muzeyi (Sankt-Peterburq) ilə də qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Memorandumların məqsədi muzeylər arasında qarşılıqlı əlaqəni genişləndirmək, bərpa, arxeoloji tədqiqatlar və muzey işi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Qeyd edilən tərəfdaşlıqlar incəsənət əsərlərinin tədqiqi və nümayişi üçün yeni imkanlar açacaq, həmçinin geniş auditoriyanın muzeylərin unikal kolleksiyalarına əlçatanlığını təmin edəcək.