Sentyabrın 14-də Şuşa şəhərində Meksikanın Müstəqillik Günü şərəfinə mərasim keçirilib.

Meksika səfirliyindən verilən xəbərə görə, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero çıxış ediblər.

Səfir qeyd edib ki, Meksika ilə Azərbaycan arasında məsafənin uzaqlığına baxmayaraq, iki ölkə arasında bir sıra oxşarlıqlar var: hər iki ölkə əlverişli coğrafi yerləşib, təbii sərvətlərə, qədim və zəngin mədəni irsə malikdir, eyni zamanda mədəniyyətlər və sivilizasiyalar arasında əlaqələrə töhfə verir. Diplomat xalqlarımızın qarşılıqlı yaxınlaşmasında mədəniyyət və idman diplomatiyasının rolunu önə çəkib.

Mərasimdə Meksika və Azərbaycan mədəniyyətlərinin sintezi formatında musiqi əsərləri təqdim edilib. Mədəni proqram Şuşa sakinləri tərəfindən isti qarşılanıb.

Meksika səfiri səfər zamanı Şuşanın görməli yerləri ilə də tanış olub.