Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında iki yeni tamaşa hazırlanacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsərləri Xalq yazıçıları Elçinin “Baş” və Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanları əsasında ərsəyə gələcək.

“Baş” tamaşasının səhnələşdirmə və quruluş müəllifi Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhimov, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

“Sehrbazlar dərəsi”nin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skaramoxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.