32 ildən sonra Şuşada, Xocalıda məktəb zəngi çalınıb

 

Otuz ilə yaxın davam edən işğaldan sonra azadlığa qovuşan yurd yerlərimizdə məktəb zəngləri səslənib.

Qeyd edək ki, 2024–2025-ci tədris ilinin ilk günü ümumilikdə səkkiz belə məktəbdə dərslər başlayıb. O cümlədən Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə, Laçın rayonunun Sus kənd tam orta məktəbində və Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilk dəfə tədrisə başlanılıb. Daha beş məktəbdə isə bu sevinc ötən il də yaşanmışdı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 15 sentyabr – Bilik Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblər haqqında videoçarx hazırlayıb.

Videoçarxda Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli, Şuşa şəhər 1 nömrəli, Xocalı şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli tam orta məktəblərin, həmçinin Laçın rayonunun Zabux və Sus kənd, Ağdərə rayonunun Talış kənd və Zəngilan rayonunun Ağalı kənd tam orta məktəblərinin görüntüləri, şagirdlərin ilk dərs gününə hazırlıq, məktəbə yola düşmələri, dərs proses öz əksini tapıb.

Şuşa şəhərində 32 ildən sonra ilk məktəb zəngi çalınıb. Bilik Günü münasibətilə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, digər rəsmilər iştirak ediblər.

Emin Əmrullayev müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan xalqı üçün tarixi günlərdən biridir və Şuşa məktəblilərinin xatirəsində daim qalacaq.

“Şuşa işğaldan azad olunduqdan sonra şəhərdə təməli qoyulan ilk binalardan biri 1 nömrəli tam orta məktəbin binası olub. Məktəb binası ən müasir standartlarla tikilərək bu gün istifadəyə verilir. Əminəm ki, Şuşa məktəbi Azərbaycan təhsil sisteminin ən öndə gedən məktəblərindən olacaq”, – deyə o əlavə edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Əməkdar müəllim Asif Cahangirov da müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Qeyd edək ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada 40 sinif otağı, fizika, kimya, biologiya, texnologiya, informatika otaqları, STEAM mərkəzi, kitabxana, oxu zalı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları var.

***

Xocalıda da 32 ildən sonra ilk Bilik Günü keçirilib. Tədbirə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov da qatılıb.

Tədbir iştirakçıları məktəbdə tədris prosesi ilə tanış olublar. İkimərtəbəli məktəb binası 132 şagird yerlikdir. Məktəbin bir korpusu tədrisə aiddir, digər korpus idman zalı, akt zalı və kitabxanadan ibarətdir. Təhsil ocağı bütün avadanlıqlarla təmin olunub.

***

Yenidən həyatın qayıtdığı Şərqi Zəngəzurun daha bir yaşayış məntəqəsində – Laçının Sus kəndində uzun illərdən sonra tədris ilinin ilk zəngi səslənib.

Çıxışlarda vurğulanıb ki, Böyük Qayıdış proqramı əsasında əhalinin yenidən məskunlaşdığı ərazilərdə təhsil sahəsi də xüsusi diqqətdə saxlanılır. Sus kəndində 132 şagird yerlik müasir məktəb binasının istifadəyə verilməsi də buna bariz nümunədir.

Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub.

Qeyd edək ki, ötən iki ildə Zəngilan rayonunun Ağalı kənd, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli, Laçın şəhər 2 nömrəli tam orta məktəblərin, həmçinin Laçın rayonunun Zabux kənd, Ağdərə rayonunun Talış kənd tam orta məktəblərində tədris başlanıb.