Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 16-da keçirilən iclasında Milli Məclisə seçkilərə yekun vurulub.

İclasda yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun tərtib olunması, MSK-nın protokolunun və seçkilərin yekunlarının təsdiq olunması, seçkilərin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi səsverməyə çıxarılaraq qəbul olunub.

Bildirilib ki, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində keçirilib. Səsvermədə ölkə üzrə qeydə alınmış seçicilərin 37,24 faizi iştirak edib.

Komissiya sənədlərin yoxlanılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmayan bir sıra dairələr üzrə ayrı-ayrı məntəqələrdə səsvermənin nəticələrini etibarsız hesab edib. Seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində nöqsanlara yol verən ümumilikdə 35 məntəqə seçki komissiyasının tərkibi buraxılıb.

Bununla belə, ləğv edilmiş məntəqələr üzrə nəticələrin etibarsız sayılması MSK-nın sentyabrın 2-də elan etdiyi dairələr üzrə ilkin nəticələrə (lider namizədlər siyahısına) təsir etməyib.

Qeyd edək ki, seçkilərin yekunlarının Konstitusiya Məhkəməsində təsdiqlənməsindən sonra yeddinci çağırış Milli Məclis fəaliyyətə başlayacaq.