“Mən oynamamışam, kamera qarşısında iki qadın taleyini yaşamışam...”

 

Milli kinomuzda iz qoyan sənət adamları çox olsa da, onun tale yolu kimsəninkinə bənzəmir. Texnologiya sahəsində ali təhsil alması belə həmin dövr üçün hadisə sayılırdı. Belə bir mütəxəssisin baş rolda kinoda çəkilməsi isə bənzəri olmayan hadisə idi. Yəqin xatırladınız, İzzət Orucovadan bəhs edirik. Bu il görkəmli ziyalının anadan olmasının 115 illiyidir.

İzzət Mirzəağa qızı Orucova 16 sentyabr 1909-cu ildə Bakıda maarif və mədəniyyətə rəğbət bəsləyən bir ailədə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Texnoloji fakültəsinə qəbul olunur. 1932-ci ildə təhsilini başa vurub təyinatla Elmi-Tədqiqat Neft Emalı İnstitutunda əmək fəaliyyətinə başlayır.

İzzət Orucova hələ tələbə ikən incəsənət sahəsinə maraq göstərirdi. Onda aktrisalıq keyfiyyətləri də elə həmin dövrdə təzahür etmişdi. O, əvvəlcə “Sevil”, sonra isə “Almaz” filmlərində çəkilir. Azərbaycan qadınlarının gerçək obrazlarını inandırıcı cizgilərlə yarada bilir. Çəkiliş meydançasında çaşmadan hisslərini təmkinlə büruzə vermək bacarığı ona uğur qazandırır. Bu iki filmdən sonra o, kinodan uzaqlaşır və həyatını bütünlüklə elmə həsr edir.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmasında İzzət Orucovanın qısa sürən sənət həyatı haqqında maraqlı məqamları diqqətə çatdırır. İzzət xanım deyirmiş ki, əgər Cəfər Cabbarlı sağ olsaydı, onun filmlərində çəkilişləri davam etdirərmiş.

Cəfər Cabbarlının “Sevil” pyesi ilk dəfə 1928-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulur və böyük əks-səda doğurur. Müəllif “Sevil”in səhnədəki uğurunu kinoda da həyata keçirmək arzusuna düşür. Ancaq çətinliklərlə qarşılaşır. Çünki o dövrdə teatrlarda qadın rollarını oynayacaq azərbaycanlı qızı tapmaq çətin idi. Ona bir çox əcnəbi  aktrisa məsləhət görülsə də, Cabbarlı “Sevil elə bir fərdi xarakterə malikdir ki, onu mütləq türk qızı oynamalıdır” deyə etiraz edir.

Dramaturq uzun müddət aktrisa axtarışında olur və nəhayət, istədiyini tapır. Tələbə İzzət Orucova rəfiqəsi ilə kinoteatrda səssiz xarici filmə baxarkən  ədibin diqqətini çəkir. O daha sonra fikrini İzzətin atasına bildirir. Teatrı, kinonu sevməsinə baxmayaraq, ata övladının aktrisa olmasını qəbul edə bilmir. Cabbarlı isə inadından dönmür. Sənət adamları, dövrün tanınmış ziyalıları da Mirzəağa kişi ilə söhbət edib onu yola gətirməyə çalışırlar. İnadkarlıqdan yorulan Mirzəağa kişi günlərin birində Cəfər Cabbarlını mehriban qarşılayır... İzzət Orucova xatirələrində bu barədə yazır: “Atam mənim kinoya çəkilməyimə bir şərtlə icazə verdi. Cəfərin özü məni faytonla aparacaq və faytonla da geri qaytaracaq. Mənimlə söhbətində də atam demişdi ki, bilirəm, məni danlayacaqlar. Amma nə edim, bu kişinin sözündən çıxa bilmədim”.

Beləliklə, “Sevil” filmi çəkilir və uğurlu ekran əsərinə çevrilir, öz tamaşaçısını tapır. Görkəmli dramaturq da arzusuna çatır.

C.Cabbarlı 1934-cü ildə “Almaz” pyesini ekranlaşdırmağı qərara alır. Bu vaxt İzzət xanım artıq Elmi-Tədqiqat İnstitutunda işləyirdi. Çəkilişlərdə iştirak etmək üçün təxminən bir il işdən ayrılmalı olur. Bu məqsədlə institutun rəhbərliyinə müraciət edir. Ancaq onun müraciəti direktor M.Kapelyuşnikov tərəfindən etirazla qarşılanır. İş elə gətirir ki, direktor ezamiyyətdən qayıdarkən qatarda C.Cabbarlı ilə bir kupedə olur. Bir-birlərini yaxından tanıyırlar. Bu tanışlıqdan sonra o özü İzzət xanımı kabinetinə çağırır və çəkilişlərə icazə verdiyini bildirir.

İzzət xanım Almaz obrazını, müəllif necə görmək istəyirdisə, elə də yaradır. Ancaq filmi çəkmək və görmək görkəmli dramaturqa qismət olmur. İ.Orucova bu qəfil itkidən bərk sarsılır. Bir daha kinoya çəkilmir. Filmi rejissor Ağarza Quliyev çəkir və ekran əsəri C.Cabbarlıya ithaf edilir.

İ.Orucova 1935-ci ildə Mövsüm İsmayılzadə adlı gənc pedaqoqla ailə qurur. Ancaq bu xoşbəxtlik uzun sürmür. 1937-ci ildə M.İsmayılzadə “xalq düşməni” kimi həbs edilir. Həbs olunacağını öncədən hiss edən Mövsüm dərhal həyat yoldaşından ayrılır. O bu fədakar addımı ilə İzzət xanımı və körpə oğlu Yılmazı sürgündən xilas edir.

İ.Orucova illər sonra xatirələrində yazırdı: “Məni ilk azərbaycanlı kinoaktrisa adlandırırlar. Mən bəzən düşünürəm: bu doğrudurmu? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı mən oynamamışam, yox – mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Onlar mənim müasirlərim idi, demək olar ki, həmyaşıdlar idik. Bu qadınların hər ikisi mən idim. Lakin başqa həyat situasiyasına salınmışdım. Mənim çəkildiyim hər iki film – “Sevil” və “Almaz” ümumi bir mövzuya həsr olunmuşdu: Azərbaycan qadınının taleyinə, qadın azadlığına...”.

Beləliklə, İ.Orucova ekranda yaratdığı Sevil və Almaz obrazlarının yolunu gələcək həyatında davam etdirir. O, elm sahəsində çoxlarının arzuladığı məqamlara yetişir. 

Kimyaçı alim texnika üzrə fəlsəfə doktoru (1947) və elmlər doktoru (1962) elmi dərəcələrini alır. Azərbaycan EA-nın müxbir üzvü (1967) və həqiqi üzvü (1972) seçilir. Keçmiş SSRİ-nin ən iri sənaye mərkəzlərində və bir sıra xarici ölkələrdə keçirilən simpoziumlarda məruzələr edir. O, 300-ə yaxın elmi əsəri, Azərbaycan dilində “Neft-kimya” və “Sürtkü yağları” dərslikləri, 30-dan çox müəlliflik şəhadətnaməsi ilə elmimizdə silinməz iz qoyur.

“Əməkdar elm və texnika xadimi” fəxri adına və respublikanın Dövlət mükafatına layiq görülən, adını Azərbaycanın kino salnaməsinə yazdıran akademik İzzət Orucova 22 aprel 1983-cü ildə Bakıda vəfat edib.

Savalan Fərəcov