Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin bu ilin aprel ayından davam edən Mədəniyyət Yolu Festivalının daha bir ünvanı qədim tarixi, təbii gözəllikləri, mədəni dəyərləri və ələlxüsus da zəngin mətbəxi ilə tanınan Qaziantepdir. Təsadüfi deyil ki, festivalın bu mərhələsinin adına mətbəx (qastronomiya) kəlməsi əlavə edilib. Qaziantepdə ənənəvi olaraq təşkil edilən qastronomiya festivalı – “GastroAntep” bu dəfə Mədəniyyət Yolu Festivalı ilə bir arada gerçəkləşir.

Beləliklə, mətbəx zənginliyinə görə UNESCO siyahısında belə yer alan qastronomiya şəhəri 14–22 sentyabr tarixlərində keçirilən “GastroAntep” Mədəniyyət Yolu Festivalı ilə bir daha özünü dünyaya tanıdır. Dünyanın müxtəlif ölkələrindən media mənsublarının da dəvət edildiyi festivalın iştirakçıları arasında bir neçə gün ərzində bu sətirlərin müəllifi də oldu.

Bu il mövzusu “Sağlam həyat və qastronomiya iqtisadiyyatı” olan “GastroAntep” Mədəniyyət Yolu Festivalının proqramı da bölgənin mətbəxi kimi zəngindir.

Hər il burada məşhur Qaziantep fıstığının toplanma mövsümündə keçirilən ənənəvi festivala bu dəfə İspaniya, İtaliya, Belçika, Yunanıstan və Böyük Britaniya kimi beş ölkənin kulinariya mədəniyyəti və qastronomiya səfiri olan dünyaca tanınmış, bir çox mükafatlara layiq görülmüş aşpazlar da qatılıb və müxtəlif seminarlar, ustad dərsləri keçirirlər.

Çeşidli yemək şouları və “Yerli aşpaz” yarışlarının da keçirildiyi festivala Türkiyənin məşhur hotel və restoranlarından peşəkarlar, sərmayəçilər, milli və beynəlxalq qida şirkətləri, butik fermerlər, alimlər, sənaye nümayəndələri və əlbəttə ki, sənətçilər, musiqi və rəqs qrupları da qatılıb.

“GastroAntep”in davam etdiyi doqquz gün ərzində Qaziantepin mədəni irsi və mətbəxi ilə yanaşı, Türkiyənin Emir Can İğrek, Simge, Bengü, Gökhan Türkmen, Murat Boz, Haluk Levent, Buray, Berkay kimi tanınmış sənətçiləri konsert proqramları ilə də hər kəsə unudulmaz anlar yaşadır.

***

Mədəniyyət və Turizm Nazirliyi ilə Qaziantep Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi festivalın açılışından öncə mətbuat konfransı keçirildi.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun bildirdi ki, qastronomiya dedikdə təkcə Türkiyədə deyil, dünyada ilk ağıla gələn şəhərlərdən biri də Qaziantepdir: “Tarixi İpək Yolu üzərində yerləşən, Anadolu tarixi boyunca bir çox sivilizasiyaya ev sahibliyi edən, memarlığı, təbiəti və bənzərsiz qastronomiya mədəniyyəti ilə hər kəsi valeh edən qədim Qaziantepin marka dəyərinə töhfə verəcək fəaliyyətləri hər zaman dəstəkləmişik və dəstəkləməyə də davam edəcəyik. Bu anlayışla “GastroAntep” Mədəniyyət Yolu Festivalı üçün zəngin proqram hazırladıq”.

Qaziantep Böyükşəhər Bələdiyyəsinin başqanı Fatma Şahin illərdir keçirilən “GastroAntep” festivalının “Mədəniyyət Yolu” layihəsinə qoşulmasının əhəmiyyətini vurğuladı: “Mədəniyyət bir kimlikdir. Sivilizasiyamızın güzgüsü və mahiyyəti, onun mayasıdır. Bizi digərlərindən fərqləndirən də bu mövqedir. Məqsədimiz bu şəhərin bütün gözəlliklərini, tarixini və dəyərlərini dünyaya tanıtmaqdır”.

***

Mətbuat konfransından sonra Qaziantep Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilən tarixi binada “Sabun və bəkməz muzeyi”nin açılış mərasimi keçirildi. Keçmişdən bu günə zeytun yağı, sabun, bəkməz və mərcimək istehsalı ilə şəhərdə əhəmiyyətli bir yerə sahib olan və içindən keçən pilləkənlə iki küçəni birləşdirən unikal quruluşlu tikili – mehmanxana muzeyə çevrilib. Burada zeytunların yetişdirilməsi, yığılması, yağ əmələgəlməsindən sabun hazırlanmasına, üzüm bağlarından məhsulun toplanmasından bəkməz bişirilməsinədək “macəra”nı vizual materiallar, videofilmlər və rəqəmsal təqdimatlarla diqqətə çatdırırlar.

Muzeyə ekskursiya zamanı sabun nümunələri təqdim olunur, bəkməz emalatxanasında şərbətdən hazırlanmış innovativ məhsulların dadına baxmaq imkanı yaradılır.

***

Tədbirin ikinci günündə “GastroAntep” Mədəniyyət Yolu Festivalının kortej yürüşü oldu. Festivallar parkında təntənəli açılış mərasimi keçirildi. Bildirildi ki, festivalda bolluq, qardaşlıq, sevgi, məhəbbət, birlik ruhu və bu gün gördüyünüz gözəllik var. Dünyanın yaxşılaşmağa ehtiyacı var. Mədəniyyət və incəsənət də bəşəriyyəti sağaldır. Dünyanın “İnsanları yaşat ki, dövlət yaşasın” anlayışına ehtiyacı var.

Hər tərəfində bayram əhvalı hiss edilən Qaziantepin parklarında artıq şəhərin marka məhsullarına çevrilən mətbəx nümunələri təqdim edilir. “Tarladan süfrəyə” layihəsi isə bölgənin kənd təsərrüfatı məhsullarını nümayiş etdirir və festival müddətində kəndliyə istehsal etdiyi məhsulları satmaq imkanı yaradılır.

Qeyd edək ki, festival 9 gün ərzində 50-yə yaxın məkanda 500-dən çox tədbirlə davam edir.

***

Bələdiyyə başqanı Fatma Şahin bizimlə söhbətində Qaziantep və Azərbaycan mətbəxinin tanıdılması üçün birgə fəaliyyətlər icra edəcəklərini də bildirdi: “Yaradıcılığı, tarixi və mədəni zənginliyi ilə tanınan Qaziantep həm də mətbəxi ilə 2015-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilən Türkiyənin ilk şəhəridir. Azərbaycan mətbəxindən də müxtəlif nümunələrin UNESCO-nun siyahısında yer alması haqqında məlumatımız var. Türkiyə ilə Azərbaycanın müxtəlif sahələrdə sarsılmaz ittifaqı mövcuddur. Mətbəximizdə nədən olmasın? Türkiyədə çeşidliliyinə görə ön sırada olan Qaziantep mətbəxinin Azərbaycanda, Azərbaycan mətbəxini də bizdə tanıda bilərik. COP29 çərçivəsində Azərbaycana səfər edəcəyik. O zaman biz bu məsələlər haqda bir daha müzakirə aparacağıq. Gələnilki festivalımıza azərbaycanlı aşpazları da dəvət etmək niyyətindəyik”.

Fatma Şahin Qaziantepin yaxın gələcəkdə Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşa biləcəyini də dedi. Bildirdi ki, Azərbaycanla Türkiyə bələdiyyələri arasında 23 şəhər qardaş şəhər elan edilib. Qaziantep də bu sırada yer almaq istəyir: “Sentyabrın 11-də Kahramanmaraşda Azərbaycan məktəbinin açılışında Azərbaycanın Türkiyədəki səfiri ilə bu barədə söhbətimiz olub. Azərbaycana edəcəyimiz səfər çərçivəsində bu məsələni bir daha gündəmə gətirəcəyik”.

“Azərbaycanla Türkiyənin hər məsələdə bir-birinə dayaq olması artıq bütün dünya üçün nümunədir” deyən F.Şahin qeyd etdi ki, keçənilki dəhşətli zəlzələ zamanı bizə ilk kömək Azərbaycandan gəldi və hələ də qanayan yaralarımıza azərbaycanlı qardaşlarımız məlhəm olur.

Beləcə, tarixi, mədəniyyəti, ənənəvi mətbəxi özündə birləşdirən Qaziantep şəhərindən xoş təəssüratlarla ayrılırıq. “GastroAntep” Mədəniyyət Yolu Festivalı isə davam edir.

Onu da əlavə edək ki, Türkiyə Mədəniyyət Yolu Festivalının qarşıda daha altı mərhələsi (Ankara, Konya, İstanbul, Diyarbəkir, İzmir, Antalya) var. Festival noyabr ayında başa çatacaq.

Mehparə Sultanova
Ankara