20 sentyabr Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Bu günün tarixi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqları, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilənin imzalanması ilə bağlıdır.

Müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alan bu sazişin imzalanması ilə Azərbaycanın iqtisadi müstəqilliyinin əsas təməl daşlarından biri qoyulub və ölkəmiz özünü müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi və iri investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq edib.

***

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalamasının 30-cu ildönümü tamam olur. Bu gün ölkəmizin əldə etdiyi yüksək iqtisadi nailiyyətlər neft strategiyasının uğurlu icrasına əsaslanır. Neft sənayesi digər sahələr kimi mədəniyyətlə də sıx bağlıdır. O cümlədən muzeylərdə bu sahə ilə bağlı eksponatlar qorunur. Milli Azərbaycan Tarixi Muzeyinin fondu da bu baxımdan çox zəngindir.

Əlamətdar gün ərəfəsində muzeydə neft sənayesinin tarixinə səyahət elədik.

Muzeyin əməkdaşı Günay Umarova deyir ki, ziyarətçilər neft sənayesinə aid eksponatlara xüsusi maraq göstərirlər. Bu eksponatlar yalnız metal, kağız və köhnə avadanlıqlardan ibarət deyil, onlar eyni zamanda Azərbaycanın maddi və mənəvi sərvətlərini, xalqın əzmkarlığını da simvolizə edir.

 

Üzağardan “qara qızıl”...

 

Neft sənayesi ilə bağlı eksponatlar muzeyin müxtəlif bölmələrində yerləşir, hər biri müvafiq dövrləri və hadisələri əks etdirir. Bunların sırasında XIX əsrin sonlarından başlayaraq müasir dövrə qədər olan avadanlıqlar, alətlər, fotoşəkillər və s. var. Bələdçimiz deyir ki, XIX əsrin ortalarından etibarən neftin çıxarılmasında sənaye üsulundan istifadə olunmağa başlanılır. Azərbaycan Rusiya imperiyasının tərkibində idi və neftli torpaqlar da çar üsul-idarəsinin, yəni dövlətin sərəncamında idi. 1872-ci ildə iltizam sistemi ləğv olunur. Bundan sonra neftli torpaqlar satışa çıxarılır. Getdikcə bu sahəyə maraq artır, sahibkarlar neft sənayesi ilə məşğul olmağa başlayırlar. Tədricən Azərbaycanın yerli neft burjuaziyası meydana çıxır. Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqa neft milyonçuları bu sahədə mühüm yer alırlar. Xaricdən gələn kapitalistlərin ön sırasında isə Nobel qardaşları dururdu. Onlar 1879-cu ildə Bakıda öz şirkətlərini qurdular...

Muzeyin “Neft sənayeçiləri” bölməsində Murtuza Muxtarovun həyat yoldaşı Liza (Yelizaveta) Muxtarovaya məxsus nimçə, onun evində istifadə olunmuş qurğu, Bakı zadəganlarından Aşurbəyovlara məxsus Almaniya istehsalı çay dəsti, Nobellərin Bibiheybətdəki mədənlərinin hüdudlarını müəyyənləşdirmək üçün istifadə olunan topoqrafik nişan və s. eksponatlar maraqla qarşılanır.

 

Dolama çarx, dartay qurğusu və jelonka...

 

İltizam sisteminin ləğv olunması neft sahəsində yeni texnologiyanın da inkişafına təkan verib. Bələdçimiz bildirir ki, əvvəllər neft quyularını at gücü ilə hərəkətə gətirilən dolama çarx dediyimiz vasitə ilə qazırdılar. Daha sonra dartay qurğularla (dartay barabanı və dartayçı vedrəsi), eynilə su quyusundan su çıxarılan kimi, fəhlələr neft quyusundan neft çıxarırdılar. Torpaq neftlə zəngin olduğu ilk vaxtlar quyuları dərin qazmağa ehtiyac qalmırdı. Daha sonra isə bu sahədə “jelonka” deyilən yeni bir texnikadan istifadə olunmağa başladı. Jelonkaların da istifadə qaydası eynilə şpris iynəsinin funksiyasına əsaslanır. Jelonkanın içərisində klapan olur. Həmin klapan açılır, vakuum vasitəsilə neft oraya daxil olur və fəhlələr tərəfindən kənarlaşdırılırdı. Bütün bu sadalanan alətlərdən başqa quyuların qazılmasında istifadə edilən iskənə, neftin  çıxarılması üçün vedrələr, saxlanılması üçün qab, körük və s. muzeydə nümayiş olunur.

 

Nobellərdən yadigar tankerin maketi

 

Günay xanım deyir ki, əvvəllər nefti hovuzlarda saxlayırdılar. Bu da müəyyən itkilərə səbəb olur, yaxud da kiçik bir qığılcımdan böyük yanğınlar baş verirdi. Buna görə də sonralar neftin daha təhlükəsiz saxlanılma metodlarından istifadə olunmağa başlanıldı. Neft çıxarılandan sonra əsas məsələ həm də onun düzgün daşınması idi. İlk dəfə neft tankerlərini “Nobel qardaşları” şirkəti istifadəyə vermişdi: “Gördüyünüz bu eksponat 1878-ci ildə istifadəyə verilmiş “Zoroastr” tankerinin maketidir. Bu tanker Xəzər dənizi vasitəsilə Azərbaycan neftini Rusiyaya daşıyırdı. Daha sonralar isə neft dəmir yolu ilə daşınmağa başlandı”.

 

Dünyada daha bir ilk – dənizdə neft hasilatı

 

XX əsrin 40–60-cı illərində Azərbaycanda yeni sənaye müəssisələrinin, elektrik stansiyalarının tikintisi, nəqliyyatın inkişafı geniş vüsət alır. İstehsalatda yeni texnika və avadanlıqlar tətbiq olunur. Bununla yanaşı, Sumqayıt, Mingəçevir, Əlibayramlı (indiki Şirvan) kimi yeni şəhərlər salınır. 1949-cu il noyabrın 7-də əfsanəvi Neft Daşlarında hasilatın başlanması ilə dünyada açıq dənizdə neftçıxarmanın əsası qoyulur. Dənizdə neft yataqlarının kəşfinə və işlənilməsinə görə Ağaqurban Əliyev (1911-1997), Qurban Abbasov (1926-1994), Mixail Kaveroçkin (1904-1957) və başqaları Stalin mükafatına layiq görülürlər.

Muzeydə SSRİ-nin neft sənayesi naziri olmuş Nikolay Baybakovun adıçəkilən neftçi alimlərə göndərdiyi təbrik teleqramı, Neft Daşlarında ilk quyuların qazılması ilə bağlı fotoşəkillər, Neft Daşlarının maketi və s. qorunub saxlanılır.

Ziyarətçilər muzeydə “Əsrin müqaviləsi” ilə də bağlı məlumat alır, fotoşəkillərlə tanış olurlar. Yeri gəlmişkən, xatırladaq ki, “Əsrin müqaviləsi”ni həyata keçirən rəhbər komitənin (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) ilk iclası 24 yanvar 1995-ci il tarixində məşhur neftxudamız Tağıyevdən yadigar qalan bu binada, Milli Azərbaycan Tarixi Muzeyinin “Şərq” zalında gerçəkləşib.

 

Bank işi, poçt və rabitə

 

Neft sənayesi digər sahələrin də inkişafına təkan verir. 1874-cü ildə fəaliyyətə başlayan “Bakı Kredit Cəmiyyəti” Azərbaycanda ilk bank müəssisəsi hesab edilir. Bakı artıq bir sənayesi şəhəri olduğu üçün rabitə sahəsi də  inkişaf edirdi. Bakı, Gəncə, Lənkəran və Salyanda fəaliyyət göstərən poçt stansiyalarında mallar həm Rusiyanın şəhərlərinə, eləcə müxtəlif ölkələrə göndərilirdi. 1864-cü ildə Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda rabitənin yeni növü – teleqraf yarandı. 1880-ci ildə isə Bakıda ilk telefon xətləri çəkildi.

Muzeydə XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində bank işi, poçt və rabitə sahəsi ilə bağlı eksponatlar ayrıca bölmədə nümayiş olunur.

***

Milli Azərbaycan Tarixi Muzeyində neft sənayesi ilə bağlı eksponatlar, əslində, ölkəmizin iqtisadi müstəqilliyinin, inkişafının simvolu kimi qiymətli nümunələrdir. Bu eksponatlar həm də araşdırmaçılar, Azərbaycan tarixini öyrənmək istəyənlər üçün qiymətli mənbədir.

Nurəddin Məmmədli