Səhnəmizdə bir Simuzər vardı...

 

“Mən daha sənə lazım deyiləm. Çalış hər gün, heç olmasa bir addım da olsa, əsl həqiqətə yaxınlaş. Sənin ən böyük müəllimin həqiqətdir! Sən onu anlamağı, onun sənə dediklərini eləməyi öyrənməlisən! Sən qağayısan! Sən mütləq uçmalısan! Axı uçmağı çox sevirsən! Uç, Conatan, uç! Heç nəyə, heç kimə, sənə inanmayanlara  məhəl qoymadan uç! Daim irəli bax və uç! Özünəinamını itirmə, qəlbinin səsini dinlə!”.

Riçard Devid Baxın “Conatan Livinqston adlı qağayı” hekayəsindən bu sözlər mənə səhnə ilə yaşayan aktyorları xatırladır. Mənə elə gəlir ki, fərd kimi bir çox çatışmazlıqları olan aktyor belə dünyanın ən məsum uşağı qədər günahsız olur. Bilirsiniz nə zaman? Səhnədə, məhz oyun zamanı...

Onu səhnədə canlı görməmişəm. Bir-iki videolent və qaynar təbinin donduğu fotoları nəzərə almasaq. Amma haqqında çox eşitmişəm. Xüsusən sənət yolu Ağdam səhnəsindən keçən aktyorlardan. O, Ağdam Dövlət Dram Teatrında dövrünün ən gözəl qadın aktrisası, maraqlı obrazların ifaçısı olub. Fitri istedadı, səhnə cazibəsi və ən əsası da, böyük yanğı ilə yaratdığı obrazları sayəsində həmkarlarından daha tez çatıb şöhrətə. Dövrün teatr mühitində haqqında hər zaman müsbət rəylər olub və o istər Ağdam, istərsə də sonra pənah gətirdiyi Gəncə teatrında əbədi sənət sevgisinə heç vaxt xəyanət etməyib. Ta ki...

Bu gün hər iki teatrda sevgi ilə, nisgillə xatırlanan Əməkdar artist Simuzər Namazova haqqında söz açacağam. Əsas bələdçim teatrşünas, bölgə teatrlarında çalışan sənət insanları haqqında dəyərli bilgilərə malik Anar Bürcəliyevin “Qoşa qanad” kitabı və aktrisanın özünün 1993-cü ildə “Səhnə” qəzetində dərc olunan “Aktrisanın monoloqu” başlıqlı qeydləri oldu.

Simuzər Məmmədqulu qızı Namazova 1955-ci il oktyabrın 5-də Ağdam rayonunun Muğanlı kəndində anadan olub.

Simuzər xanım yazır: “1970-ci ildə Ağdamın Muğanlı kəndində orta məktəbin 7-ci sinfində oxuyurdum. Məktəbdən bizi tez-tez teatra aparırdılar. İlk baxdığım tamaşa heç yadımdan çıxmır. Əbil Yusifovun “Odlar içində” əsəri göstərilirdi. Salon tamaşaçı ilə dolu idi. Mənimsə yerim arxa cərgədə idi, artistlərin bir sözü belə gəlib mənə çatmırdı. Amma mən səhnəyə dəli maraqla baxırdım: rəngbərəng işıqlar, qəribə dekorlara, iştirakçıların geyimlərinə, qrimlərinə... Və... mənə elə gəlirdi ki, hər şeyi başa düşürəm. Doğrudan da, sonralar tamaşanı yoldaşlarımla müzakirə edəndə, bəzi məsələlər haqqında fikir yürüdəndə, mən üstünlük təşkil edirdim. Belə çıxırdı ki, mən pyesin süjetini qabaq cərgədə oturanlardan daha yaxşı qavramışam. Bu, qəribə bir sehr idi, möcüzə idi! Bəlkə də “alın yazısı” demək olar buna, bilmirəm...

Bir necə gün özümə gələ bilmədim. Elə hey tamaşa haqqında, artistlərin oyunları barədə düşünürdüm. Teatrdan bəhs edən kitabları, məqalələri  diqqətlə oxuyurdum. Bir gün qəzetdə Ağdam teatrının qocaman aktrisası Narınc xanım Məlikova haqqında yazı gördüm. Orada yazılmışdı ki, Narınc Məlikova 13 yaşında səhnəyə gəlib və bu işdə ona teatrın baş rejissoru Heydər Şəmsizadə kömək eləyib. Mənim isə 14 yaşım var idi! Ürəyimdə özümə də qorxulu görünən bir hiss, bir arzu baş qaldırdı... Yay idi, tətilə çıxmışdıq. Rəfiqələrimdən birini götürüb kəndimizdən beş kilometr aralı olan Ağdam şəhərinə gəldim – düz teatrın qabağına! Qapıda dayanan oğlandan Heydər müəllimi soruşdum. Məni içəri aparıb kiçik bir kabinetə ötürdü. Stolun arxasında ortaboylu, qar kimi gur ağ saçları olan, mehriban baxışlı bir kişi oturmuşdu. Mən titrək səslə arzumu ona bildirdim, dedim ki, müəllim, mən teatrı çox sevirəm, səhnəyə çıxmaq, artistlərlə bir yerdə tamaşa oynamaq istəyirəm... Heydər müəllim təbəssümlə məni dinlədi, fikrə getdi, sonra ayağa durub, məni direktorun yanına apardı. Direktor Məmməd Əmirov məqsədimi biləndə qəti etiraz etdi:

– Ay qız, sən başında bir teşt qan gəzdirirsən! Yeddinci sinif şagirdi dövlət teatrında?! Bu harda görünüb? Buna ata-anan nə deyər?

“Atam yoxdur” deyəndə “Bəs anan?” sualını verdi. Mən də “Anam sovxozda fəhlə işləyir. Ailəmiz böyükdür. Mən həm də onlara kömək etmək istəyirəm” dedim.

Məmməd müəllimin sərt sifəti dəyişdi. Dedi, qapıda tapşıraram, səni içəri buraxarlar, teatra gəl-get, biz də bir şey fikirləşərik. Sevindim! Axı bu mənim ilk “qələbəm” idi. Müqəddəs yer bildiyim teatrın qapıları üzümə açılmışdı!

Sentyabra az qalmış, Məmməd müəllim, Heydər müəllim mənim yalvarışlarıma, göz yaşlarıma rəhm eləyib əvvəl Maarif şöbəsi, sonra rayon İcraiyyə Komitəsi qarşısında məsələ qaldırdılar. Qərara gəldilər ki, ailə vəziyyətimiz ağır olduğu üçün məni fəhlə-gənclər məktəbinə keçirsinlər və teatrda kiçik bir maaşla işə götürsünlər. Bəli, mən oldum kütləvi səhnə işçisi. Amma nə tapşırıq verirdilər, can-başla yerinə yetirirdim...

F.Hacıyevin “Pələng ovu” pyesinin məşqləri başlayanda mənə Nazilə adlı kiçik bir rol verdilər. Böyük həvəslə məşq etdim, oynadım...”.

A.Bürcəliyevin kitabını vərəqlədikcə, Simuzər xanımın Ağdam teatrındakı həmkarlarının xatirələrini dinlədikcə düşüncələrimdə siluetini yaratdığım qadın canlanır gözümdə: O gülür, özü də ürəkdən. Çox məmnundur. Çünki qurtuluş üçün gəldiyi səhnə onu bağrına basdı və elə ilk rolundan da qəbul elədi.

Ağdam teatrı səhnəsində sənət ömrünün ən məhsuldar illərini yaşayıb Simuzər xanım. 1970-ci ildən 1990-cı ilədək teatrın səhnəsində 200-ə yaxın rol oynayıb. Parlaq obrazlar yaradıb. 1982-ci ildə ona respublikanın “Əməkdar artist”i fəxri adı verilib. Nəinki peşəkar aktyor təhsili, heç bir ali təhsili olmayan aktrisanın belə gənc yaşında fəxri ad alması sıradan hadisə deyildi, əslində. Sözsüz ki, çalışdığı teatrın arzulanan, rejissorların rol vermək üçün az qala yarışdığı aktrisa olub.

Monoloq-məqaləsində rolları haqqında belə deyir: “200 rol. Bu rəqəmlə bəlkə də kimsə fəxr edə bilər. Amma mən başqa cür düşünürəm. Rol aktyor üçün yüksək bir arzu, çətinliklə başa gələn bir dilək olmalıdır. İnsan yüz il yaşasa da, onun iki yüz arzusu müstəcab ola bilməz. İndi həmin rolların xəyali siyahısını nəzərdən keçirirəm, yalnız bir neçəsini yada salmaq istəyirəm. Sara (C.Cabbarlı, “Solğun çiçəklər”), Sevil (C.Cabbarlı, “Sevil”), Firəngiz (C.Cabbarlı, “Oqtay Eloğlu”), Göyərçin (H.Cavid “Uçurum”), Nərmin (İ.Əfəndiyev “Unuda bilmirəm”), Nazan (O.Kamal, “Yad qızı”), Şirin (S.Vurğun “Fərhad və Şirin”), Natəvan (Ş.Məmmədova, “Natəvan”), Marta (A.Kamyu, “Qismət”)... Bu rolların arasında axırıncını xüsusi qeyd etmək istəyirəm. Məhz bu rolun sayəsində mən, nəhayət, hiss etdim ki, nəyəsə qadirəm...”.

Aktrisa ömrünün qalan hissəsini Gəncədə keçirdi. Həyat yoldaşı Xalq artisti, Gəncə Dövlət Dram Teatrının baş rejissoru olmuş Vaqif Şərifovun yanında.

Sözsüz ki, ağır illər idi. 1990-cı ildə bu teatra gələn aktrisa Gəncənin teatr mühitinə də öyrəşdi. Teatrın səhnəsində maraqlı rollar oynadı. Amma Anarın “Təhminə və Zaur”unda Təhminə, N.Məmmədovanın “Cavad xan”ında Mələknisəbəyim və Ə.Səmədlinin “Ölüm hökmü”ndə Qadın rolları onu buradakı tamaşaçılara daha çox sevdirdi.

İstər həyatında, istərsə də yaradıcılığında hər şeyin nizama düşməsi aktrisanı daha da şövqə gətirirdi. Amma bu da uzun sürmədi və 1996-cı il iyulun 1-də, 41 yaşında faciəli şəkildə həyata vida etdi. Naqilə qoşulmuş elektrik cihazı ilə qəfil təmas onun uzun sənət yolunu yarıda qoydu, işıqlı səhnə arzularını yandırıb külə çevirdi.

Beləcə, “Yeni rollar üçün ürəyim əsir. Yaş ötür, amplua dəyişir, arzusunda olduğum rollar məndən uzaqlaşır. Ancaq nə etməli?” deyən aktrisa etiraz-eyhamını bir də belə edir etibardan kəm dünyaya.

Yazını onun “Üz istəyirəm, başınızı ağrıtdım. “Səhnə”nin oxucuları da məni bağışlasınlar. Çoxdandır jurnalist üzü görmürəm. Axırıncı dəfə on il bundan qabaq yazmışdılar haqqımda. Əyalət teatrlarında işləyənlərin halı belədir də, nə etmək olar? Halbuki burada elə gözəl sənətkarlar var ki, hərəsinin həyatı bir dastandır” gileyi ilə bitirməyim də təsadüf deyil. Çünki onda da, elə indi də teatra paytaxtlaşmış münasibət bir çox sənət insanlarını, uzaq-yaxın səhnələrdəki peşəkar, fədakar aktyorları küsdürüb və könlünü almağa məqam tapmamış bizdən...

Həmidə Nizamiqızı