Mingəçevir Dövlət Dram Teatrı özünün 57-ci mövsümünü sentyabrın 21-də açıq havada – Kür çayının sahilində edəcək.

Sənətsevərlər meydan tamaşası üslubunda qurulan açılış tədbirində teatrın repertuarındakı maraqlı tamaşalardan, əsas etibarilə komediya janrlı nümunələrdən ibarət kompozisiyanı izləmək imkanı qazanacaqlar.

Teatr yeni mövsümdə də repertuarını zənginləşdirəcək. Teatrın direktoru Əməkdar artist İntiqam Soltan cari mövsümdəki fəaliyyətin yalnız səhnə əsərləri ilə məhdudlaşmayacağını, həm də geniş hədəfləri əhatə edəcəyini bildirib. Mədəniyyət Nazirliyinin COP29 ilə bağlı tədbirlər planı çərçivəsində teatr səhnəsində də iqlim dəyişikliyi ilə mübarizə mövzusunda layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayan direktorun fikrincə, bu mövzuda təqdim ediləcək tamaşalar beynəlxalq səviyyədə də teatrın nüfuzunun artmasına xidmət edəcək.