Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Rusiyanın Novorossiysk şəhərində festivalda təmsil olunur. “Teatr limanı” adlı 6-cı beynəlxalq festival 19-25 sentyabr tarixlərində keçirilir.

Sentyabrın 23-də Novorossiysk Dövlət Dram Teatrında nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, daha doğrusu, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Qəhrəmanımızın sevgilisi ilə dialoqunu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.