AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, konfransın məqsədi Qərbi Azərbaycanın incəsənəti və mədəni irsi mövzusunda elmi tədqiqatların artırılmasına, tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə verməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq, AMEA-nın bir sıra müəssisələrində Qərbi Azərbaycanla bağlı şöbələrin yaradıldığını deyən Ə.Salamzadə bu istiqamətdə fundamental tədqiqatlar aparıldığını, Qərbi Azərbaycanda soydaşlarımızın yaratdığı tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində önəmli nəticələr əldə edildiyini, kitablar nəşr olunduğunu diqqətə çatdırıb.

Sonra Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycanın son 200 illik tarixi xronikasına nəzər salıb, tarixi həqiqətlərlə bağlı kitabların müxtəlif dillərə tərcümə və nəşrinin önəmini vurğulayıb, elm adamlarını bu işdə fəal olmağa səsləyib.

Daha sonra Ərtegin Salamzadə “İrəvan Sərdarı sarayının memarlığı və bədii tərtibatı” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş nadir sənət abidələrimiz ermənilər tərəfindən dağıdılaraq misli görünməmiş vandalizmə uğrayıb. Məhv edilən abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı da var. İrəvan sarayı memarlıq üslubu, bədii tərtibatı, güzgülü salonu, divar rəsmləri ilə seçilib, şəbəkə kompozisiyası cəhətdən Şəki xan sarayının interyerinə bənzəyib.

Konfransda “Qərbi Azərbaycanın dini abidələrinin bədii-texnoloji xüsusiyyətləri”, “Tarixi qürur və təəssüf doğuran İrəvan Azərbaycan teatrı”, “Qərbi Azərbaycan təsviri sənətinin üç nəsli” və digər mövzularda da məruzələr dinlənilib.