Milli Kitabxananın dövri mətbuat arxivindən (26)

 

Yazıçı və zaman, ədəbiyyat və dövran... Bu ikiliklər əsrlərlə bir-biri ilə içi-içə, yan-yana, bəzən də qarşı-qarşıya olub. Ötən yüzillikdə dövrün, zamanın siyasi aşırımlarından keçmiş Azərbaycan ədəbiyyatının tarixi də buna nümunədir. Bu il Azərbaycan yazıçılarının bir ittifaqda təşkilatlanmasının 90 illiyidir. Bunun 60 ilə yaxını sovet dövründə keçib. 40 il əvvəl Azərbaycan yazıçıları həm respublika təşkilatının, həm də SSRİ Yazıçılar İttifaqının yarıməsrlik yubileyini təntənə ilə, yaradıcılıq raportları ilə qeyd etmişdilər. O dövrdən mətbu səhifələrdə nələr qalıb?

Mətbuat xronikasından bu dəfə həmin səhifələrdən birinə nəzər salırıq. SSRİ Yazıçılar İttifaqı idarə heyətinin yubiley plenumundan şair və yazıçılarımızın təəssüratı...

 

Dövrümüzə, xalqımıza layiq əsərlər yaratmalı

 

Vaxt çox sürətlə keçir. Bizi 1934-cü ilin uzaq avqust günlərindən, yazıçıların birinci Ümumittifaq qurultayının toplaşdığı vaxtdan yarıməsrlik bir dövr ayırır. Bu müddətdə ölkənin və xalqın həyatında çox böyük dəyişikliklər baş vermiş, sovet ədəbiyyatı nəhəng yol keçmişdir. Mənə isə elə gəlir ki, bütün bunlar sanki dünən olmuşdur. Xəyalımda İttifaqlar Evinin sütunlu salonu, tribunada Aleksey Maksimoviç Qorki ilə, Mixail Şoloxovla, Aleksandr Fadeyevlə görüşlər, yanaşı dayanmış dostlarım Cəfər Cabbarlı, Səməd Vurğun... canlanır.

Mən bütün bunları Kremldə, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin yubiley plenumunda, Sov. İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.U.Çernenko yoldaşın nitqini dinləyərkən xatırladım.

Bu çıxış ədəbiyyatımızın və incəsənətimizin müqəddəratına, cəmiyyətin həyatında onların yüksək roluna Kommunist Partiyasının və Sovet dövlətinin necə böyük, həqiqətən atalıq qayğısı ilə aşılanmışdır. O, sovet mədəniyyətinin xadimləri qarşısında necə qlobal, çox mühüm vəzifələr irəli sürür.

Yazıçılar İttifaqının “Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi çoxmillətli sovetlər ölkəsi ədəbiyyatının diqqətəlayiq xidmətlərinə yeni sübut olmuşdur. Ümumi əməyimizin yüksək qiymətləndirilməsi qəlbimi minnətdarlıq və iftixar hissilə coşdurur, qüvvəmi artırır. Mən indi ömrümün səkkizinci onilliyini yaşayıram, lakin bu gün tamamilə gümrah və nikbinəm. Yenə bütün yaradıcılığımı həsr etdiyim başlıca mövzuda – Vətən, partiya, sülh haqqında şeirlər yazıram.

Süleyman Rüstəm
Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı

***

50 il əvvəl SSRİ Yazıçılar İttifaqının I qurultayı olmuşdur. Bu böyük tarixi hadisə idi. Bu, sovet yazıçılarının yaradıcılıq fəaliyyətini istiqamətləndirən, partiyanın ədəbiyyat qarşısında qoyduğu elmi-nəzəri, ictimai-siyasi problemləri dəqiq müəyyənləşdirən, sosialist realizminin əsas prinsiplərini elan edən qurultay idi.

Sənətkar hansı mövzuda – müasir və ya tarixi, daxili və ya beynəlxalq mövzuda yazırsa yazsın, hansı janrda işləyirsə işləsin, onun əməyinin ictimai dəyəri, hər şeydən əvvəl, tutduğu və bərqərar etdiyi fəal ideya-siyasi dünyagörüşü mövqeyi ilə müəyyən edilir.

Biz kiçik şeirdən, qısa hekayədən tutmuş poemalara, romanlara qədər bütün əsərlərimizdə partiyanın bu çağırışlarının bədii-estetik həllinə nail olmalıyıq. Biz yazıçılar xalqımızın gözəl ənənələrini qorumalı, sovet adamlarının hünər salnamələrini bədii əsərlərdə nəsillərə ərməğan verməliyik.

Bayram Bayramov
yazıçı

***

Yazıçılar İttifaqının əlli yaşı tamam olmuşdur. Bu, adicə tarix deyil, ilk sosialist dövlətinin bədii salnaməsinin yubileyidir. K.U.Çernenko yoldaş bizim yaradıcı əməyimizə yüksək qiymət verərək demişdir: “Bu, elə bir ədəbiyyatdır ki, onun həyatı xalqın, partiyanın və ölkənin həyatından ayrılmazdır”.

Məhz bu ayrılmazlıq, bu Lenin birliyi formaca milli, məzmunca sosialist sovet ədəbiyyatını irəlilətmiş, ucaltmış, zamanın ən qabaqcıl ədəbiyyatı kimi tanıtmışdır. Qorkidən, Mayakovskidən başlanan, milli qaynaqlardan su içən sovet ədəbiyyatı ilə indi dünyanın bütün mütərəqqi  yazıçıları düzlənirlər. Yarım əsr əvvəl elan edilən sosialist realizmi metodu bayrağı altında yaradılan sənət incilərinin bir çoxu dünya klassikası xəzinəsinə daxil olmuşdur.

Böyük Qorkinin “Mədəniyyət ustaları, siz kiminləsiniz?” sual-çağırışının əsl cavabı biz yazıçıların, o cümlədən bütün incəsənət işçilərinin partiya ilə, xalq ilə bugünkü doğmalığı və birliyidir. Biz partiyamızın leninçi Mərkəzi Komitəsini əmin edirik ki, yaradıcılıq ilhamımıza qanad verən bu müqəddəs doğmalığı və pozulmaz birliyi gələcəkdə daha da möhkəmlədəcəyik.

İsa Hüseynov
Əməkdar incəsənət xadimi

“Kommunist“ qəzeti, 27 sentyabr 1984-cü il