Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkəmizin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə sentyabrın 18-dən 24-dək Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində təqdimat tədbirləri keçirilib.

Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, tədbirlər çərçivəsində 300-dən çox iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib.

Silsilə tədbirlərdə ölkəmizi ATB ilə birgə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 13 yerli tərəfdaş təmsil edib.

Görüşlər zamanı Azərbaycanın turizm potensialından ətraflı bəhs edilib, o cümlədən qış mövsümündə dağ kurortları, sağlamlıq turizmi, təbiət turizmi, lüks turizm seqmenti, ölkəmizin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş maddi-mədəni irs nümunələri, işgüzar turizm imkanları, Bakı və Azərbaycanın digər regionları haqqında məlumat yerli turizm şirkətlərinə çatdırılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Çin Xalq Respublikasından Azərbaycana 26 min 866 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 104 faiz çoxdur.

***

Bundan əlavə, DTA Çinin Kunminq şəhərində keçirilən İpək Yolu Şəhərlərinin Mədəniyyəti və Turizminin İnkişafı üzrə Beynəlxalq Forumda və İpək Yolu Şəhərlərinin Beynəlxalq Turizm Alyansının (International Tourism Alliance of Silk Road Cities) ilk illik konfransında təmsil olunub. Sözügedən alyans keçən il yaradılıb.

Alyansın toplantısında çıxış edən DTA-nın Qoruqları İdarəetmə Mərkəzi İdarə Heyətinin sədri Murad Ağabəyli tarixi İpək Yolu boyunca dayanıqlı turizmin inkişafının dəstəklənməsinin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu sahədəki perspektivləri haqqında danışıb.