Noyabrın 2-dən 10-dək İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Azərbaycan ilk dəfə bu nüfuzlu sərgidə “fəxri qonaq ölkə” qismində iştirak edəcək. Bu münasibətlə İstanbulda tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, TÜYAP sərgi təşkilatçılığı şirkətinin baş direktoru İlhan Ersözlü, Türkiyə Nəşriyyatçılar İttifaqı idarə heyətinin rəhbəri Kenan Kocatürk və digər şəxslər iştirak ediblər.
Akif Marifli çıxışında deyib ki, son illər qardaş ölkənin aidiyyəti qurumlarının dəstəyi ilə Azərbaycan-Türkiyə kitabxanaları arasında əlaqələr genişlənir, təcrübə və kitab mübadiləsi aparılır.
Son illər Türkiyə nəşriyyatları Bakı Beynəlxalq Kitab Sərgisində davamlı iştirak edirlər. Bildirilib ki, Azərbaycan bu il İstanbul sərgisinə ilk dəfə 10 nəşriyyatla qatılacaq. Bundan əlavə, mədəniyyət sahəsi üzrə müxtəlif tədbirlər təşkil olunacaq.
Digər çıxış edənlər ölkələrimiz arasındakı qardaşlıq və sıx əməkdaşlıq əlaqələrindən danışıblar.
Qeyd edək ki, builki İstanbul Beynəlxalq Kitab Sərgisi “Uşaqlıq şənlikdir” şüarı altında keçiriləcək. Sərginin “fəxri yazarı” Türkiyənin uşaq və gənclik ədəbiyyatına böyük töhfə vermiş Yalvaç Ural olacaq.
İstanbul Kitab Sərgisinin əsası 1982-ci ildə qoyulub. 2000-ci ildən sərgi TÜYAP sərgi kompleksində keçirilir. 2005-ci ildə beynəlxalq sərgiyə çevrilib. 2020–21-ci illərdə pandemiya səbəbindən keçirilməyib. Son dörd sərgidə “fəxri qonaq ölkə” olmayıb və 2018-ci ildən bəri ilk belə dəvəti Azərbaycan alıb.