Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində musiqi sənətimizin zənginliyi də təqdim olunub.

Sentyabrın 24-də K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında “Zaman” qrupunun iştirakı ilə etno-caz konserti keçirilib.

Konsertdən öncə çıxış edən qrupun rəhbəri Vasif Hüseyn diqqətə çatdırıb ki, Azərbaycanda musiqinin müxtəlif növləri, o cümlədən caz musiqisi zəngin inkişaf yolu keçib. Azərbaycan caz sənətinin əfsanəsi sayılan bəstəkar Vaqif Mustafazadə (1940–1979) bu sahədə böyük iz qoyub. O, muğamlarımızı caz texnikası ilə birləşdirərək caz-muğam kimi yeni bir musiqi janrı yaradıb. Bu gün də bir çox musiqiçilər öz ifalarında Vaqif Mustafazadənin yaratdığı caz-muğamın sintezindən istifadə edirlər. Eyni zamanda ölkəmizdə ento-caz da müxtəlif çalarları ilə inkişaf edir.

“Zaman” qrupu barədə məlumat verən Vasif Hüseyn bildirib ki, bu qrupu yaratmaq istəyi milli musiqi alətlərimizə olan maraq və sevgi ilə bağlıdır. Qrupda Azərbaycanın qədim musiqi alətlərindən balaban, tütək, zurna və s. çox istifadə edirik. Bacardığımız qədər milli musiqi alətlərinin xarakterini olduğu kimi saxlayır və yeri gələndə Qərb alətləri ilə sintez edirik.

Konsertdə “Zaman” qrupu (Saleh Məmmədov – bas-gitara, Eyvaz Həşimov – zərb alətləri, Fəqan Rəhmanoğlu – nəfəs alətləri) və pianoçu, bəstəkar Vasif Hüseyn maraqlı proqramla çıxış edib.

Proqramda V.Hüseynin “Biri var idi, biri yox idi” (“Once upon a time”), “Zaman”, V.Mustafazadənin “Baharda” (“Springtime”), “İmprovizə” (“Improvise”), Hans Zimmerin “Ulduzlararası” (Interstellar”) və “Yapuray” qazax xalq mahnısı səsləndirilib.

Qazax musiqisevərlər konserti maraqla dinləyib, ifaçıları alqışlayıblar.

Nurəddin