Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri

 

Mədəniyyət xalqlar arasında körpüdür, anlaşma, uzlaşma üçün mühüm dialoq vasitəsidir. Zəngin tarixi irs üzərində kök-bağları, yaxınlığı, ortaq dəyərləri olan dost-qardaş xalqlar arasındakı mədəniyyət körpüləri isə zamanın sınağından çıxaraq onların birlik, bərabərlik və həmrəyliyinin ən möhkəm təməlinə çevrilir. Qazaxıstanda üç gün (24 –26 sentyabr) ərzində Azərbaycan mədəniyyəti adına keçirilən tədbirlər bunu bir daha sübut etdi.

 

Astanada “Azərbaycanın sənət inciləri”

 

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərginin konsepsiyası barədə məlumat verib. Bildirib ki, ekspozisiya Azərbaycanın zəngin mədəni irsini və özünəməxsusluğunu nümayiş etdirən sənət əsərlərindən ibarətdir.

Sərgidə Xalq rəssamı Əzim Əzimzadənin əsərləri, Azərbaycan Milli Xalça Muzeyindən 20-dən çox xalça nümunəsi, XX əsrin əvvəllərinə aid məişət əşyaları və geyimlər, eləcə də müasir sənətkarların işləri təqdim olunub.

 

Qardaş eldən musiqi və rəqs çələngi

 

Sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.

Konsert proqramında ansambl tərəfindən “Mənim Azərbaycanım süitası”, “Qazaxı”, “Nağaraçılar”, “Qaytağı”, “Toy”, “Ağ çiçəyim”, “Çayçı” rəqsləri, “Sarı gəlin” kompozisiyası, “Vətən süitası” və digər nömrələr ifa edilib.

Şən, şux rəqslərimizi, ifaçılarımızın yüksək performansını qazaxıstanlı tamaşaçılar gur alqışlarla mükafatlandırıb.

Yarım əsrdən çox tarixi olan ansambl ötən illər ərzində Azərbaycan xoreoqrafiyasının dünyanın onlarla ölkəsində parlaq təbliğatçısı olub. Milli mədəniyyətimizin təbliğində xidmətləri nəzərə alınaraq ansambla 1991-ci ildə “Əməkdar kollektiv” fəxri adı verilib. 2018-ci ildən kollektivə Xalq artisti Rüfət Xəlilzadə rəhbərlik edir.

Sentyabrın 26-da K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm qala-konsert keçirilib.

Silsilə tədbirlər Azərbaycan mədəniyyətinin dost və qardaş ölkədə təntənəsinə çevrilib.