XIX əsr musiqi mədəniyyəti tariximizdə iz qoyan sənət adamlarından biri də xanəndə Səttardır. Sənətkarın həyat və sənətinin coşqun çağları Tiflis şəhərində keçir. Onun haqqında günümüzə gəlib çatan məhdud məlumatlar dövri mətbuat səhifələrində, şair və yazıçıların əsərlərində yer alıb.

Mənbələrdə xanəndənin valideynləri, təvəllüdü və vəfatı barədə səhih məlumat demək olar ki, yoxdur. Aleksandr Barnov “Köhnə Tiflisin musiqiçiləri” kitabında qeyd edir ki, Səttar təxminən XIX əsrin 20-ci illərində Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. El şənliklərində muğam və xalq mahnılarını böyük həvəslə və diqqətlə dinləyib. Bir müddət sonra Şərqin görkəmli şairlərindən Sədi Şirazi, Hafiz Şirazi, Məhəmməd Füzuli və başqalarının qəzəlləri üstündə muğam və təsnifləri ustalıqla ifa edib. Məlahətli səsi və mahir ifası ilə xalqın sevimlisinə çevrilib.

Bir müddət sonra onun İslam ehkamlarına qarşı çıxdığı iddia olunaraq Ərdəbil ruhaniləri tərəfindən təqib edilir. Bütün bunlara tab gətirə bilməyən Səttar doğma şəhərini tərk etməyə məcbur olur. Əvvəlcə Təbrizə, daha sonra Tehrana gedir. Bir neçə il İran şahı Məhəmməd Mirzənin sarayında xanəndəlik edir. O burada bir neçə il fəaliyyət göstərdikdən sonra səyahət üçün şahdan icazə istəyir. 1844-cü ildə Naxçıvan şəhərinə gəlir. Hörmətlə qarşılanan sənətkarın şərəfinə geniş məclislər qurulur. Məclislərin birində Azərbaycan musiqisini sevən və onu yüksək qiymətləndirən məşhur gürcü şairi Nikolaz Barataşvili (1817-1845) ilə tanış olur. Bu tanışlıqdan məmnun qalan şair rəfiqəsi Maiko Orbelianiyə yazdığı məktubda Səttarın sənətkarlığından da bəhs edir. Onun son dərəcə gözəl səsi olduğunu bildirir.

Araşdırmalarda qeyd edilir ki, N.Barataşvilinin evində təşkil edilən poeziya və musiqi gecələrində Səttar böyük məharətlə öz sənətini nümayiş etdirir. Məclislərdə iştirak edən Naxçıvan xanının qızı Qönçə bəyim bir neçə şeirini oxuyur. Onun şeirlərini N.Barataşvili gürcü dilinə çevirir. Səttar isə həmin bədii nümunələri Azərbaycan və gürcü dillərində oxuyur.

Səttar uzun müddət Naxçıvanda qalır. Ancaq Tiflisin musiqi həyatı onu çox maraqlandırır. Bir müddətdən sonra İrəvana, 1845-ci ildə isə Tiflisə gedən xanəndə bənzərsiz səsi ilə musiqisevərlərin rəğbətini qazanır. Hətta Tiflisdə yaşayan rus və italyan musiqiçiləri Səttarı öz konsert-tamaşalarına dəvət edirlər. O, 1847-ci ildə italyan skripkaçısı, Tiflis teatr orkestrinin dirijoru Malaqollinin konsertində muğam ifa edərək dinləyicilərin qəlbini oxşayır. Tiflisdə çıxan “Qafqaz” qəzeti onun ifaçılığını yüksək qiymətləndirir. Musiqişünas L.Yapşevski yazır: “Konsertin sonunda cənab Malaqolli tərəfindən dəvət olunan müğənni Səttar bəy öz dəstəsinin müşayiəti ilə oxudu. Biz avropalılarda bu musiqi böyük maraq oyatdı. Gələcəkdə mən bu musiqi haqqında ətraflı danışacağam”.

Mənbələrdə xanəndənin 1853-cü ildə Tiflisdə təşkil olunan beynəlmiləl konsertdə məşhur skripkaçı Millerlə çıxış etdiyi də bildirilir.

Səttar rəngarəng repertuarında geniş yer alan “Zəminxarə”, “Dəşti”, “Rahab”, “Şüştər”, “Bayatı-İsfahan”, “Rast”, “Çahargah” muğamlarını böyük ustalıqla ifa edib. Çox vaxt Azərbaycan nəğmələrini rus, ləzgi və gürcü dillərində də səsləndirib. Tiflisdə xalq şənlikləri ilə yanaşı, Qafqaz canişininin iqamətgahında verilən rəsmi ziyafətlərə də dəvət olunub. Səttarın sənətkarlığı daha geniş miqyasda tanınıb, İran, Osmanlı və Rusiya hökumətləri onu orden və medallarla təltif edib.

Görkəmli şair Seyid Əzim Şirvani də bir müxəmməsində onun ifasından aldığı zövqü dilə gətirib. Məşhur fransız yazıçısı Jül Vern “Arxipelaq alovlanır” əsərində Səttarın səsini yüksək qiymətləndirib. Rus generalı M.Olşevski isə “Tiflis gündəliyi”ndə Səttardan bəhs edib, onun bütün Gürcüstanı heyran qoyan məşhur müğənni olduğunu göstərib.

Onu da qeyd edək ki, xanəndənin obrazı “Səbuhi” (1941) bədii filmində yer alıb.

Tiflisdə vəfat edən sənətkar şəhərin müsəlman qəbiristanlığında dəfn olunub.

Savalan Fərəcov