Olaylar, faktlar (1 – 3 oktyabr)

 

1 oktyabr Beynəlxalq Musiqi Günüdür (International Music Day). UNESCO yanında Beynəlxalq Musiqi Şurasının qərarı ilə 1975-ci ildən qeyd olunur.

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub.

1 oktyabr Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. 1918-ci il oktyabrın 1-də Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanının yaradılması barədə qərar qəbul edib. Prokurorluq işçilərinin peşə bayramı günü Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə təsis olunub.

 

197 il əvvəl...

 

1 oktyabr 1827-ci ildə Rusiya qoşunları İranla müharibə (1826–1828) gedişində İrəvan qalasını ələ keçiriblər. General İvan Paskeviçin komandanlıq etdiyi qoşunlar bundan öncə (20 sentyabr) bölgədəki strateji məntəqə olan Sərdarabad qalasını işğal edəndən İrəvanın müdafiə imkanları zəifləmişdi. İrəvanın işğal olunmasında erməni əhalisi və Eçmiədzin kilsəsi ruslara hər cür kömək göstərmişdi.

 

97 il əvvəl...

 

1 oktyabr 1927-ci ildə SSRİ ilə İran arasında “Qarşılıqlı təminatlar və neytrallıq haqqında” saziş imzalanıb. Sazişdə iki ölkənin Xəzərdəki sərhədi də Astara (Azərbaycan) – Həsənqulu (Türkmənistan) xətti üzrə müəyyənləşib.

 

75 il əvvəl...

 

1 oktyabr 1949-cu ildə Çin Xalq Respublikasının yarandığı elan edilib. Çin kommunistlərinin lideri Mao Tszedun (Zedong, Tse-tung) dövlətin rəhbəri olub. 1840-cı illərdə qismən Britaniya imperiyasının təsiri altına düşən Çində 1927-ci ildə Sun Yatsenin başçılığı ilə inqilab qələbə çalmışdı. Lakin bundan sonra hakimiyyətə gələn general Çan Kayşi diktatura rejimi qurdu və ölkəni müttəfiqi olduğu Yaponiyanın təsiri altına saldı. II Dünya müharibəsindən sonra Çində xalq inqilabı başlandı və ÇXR elan edildi.

 

66 il əvvəl...

 

2 oktyabr 1958-ci ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini elan edib.

 

34 il əvvəl...

 

3 oktyabr 1990-cı ildə Qərbi və Şərqi Almaniya (ADR və AFR) birləşərək vahid dövlət olub. II Dünya müharibəsindən sonra SSRİ, ABŞ, Britaniya, Fransa arasında sektorlara bölünən Almaniya ərazisində 1949-cu ildə Almaniya Demokratik Respublikası (sovet sektoru) və Almaniya Federativ Respublikası (Qərb sektoru) yaranmışdı.

 

31 il əvvəl...

 

3 oktyabr 1993-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 1993-cü il iyunun 24-də Milli Məclis tərəfindən Əbülfəz Elçibəyin prezident səlahiyyətlərindən məhrum edilməsi və avqustun 29-da bununla bağlı referendum keçirilməsindən sonra növbədənkənar seçkilər elan edilmişdi.

Hazırladı: V.Orxan