Avstriyada seçkilərin maraqlı nəticələri

 

Avstriyada sentyabrın 29-da keçirilən parlament seçkiləri ölkə siyasətinin ciddi şəkildə sağa əyildiyini göstərir.

Səsvermənin nəticələrinə görə, millətçi təmayüllü Avstriya Azadlıq Partiyası (Freiheitliche Partei Österreich – FPÖ) 29,2 faiz səslə birinci olub. Sağçı-radikal düşərgəni təmsil edən partiya tarixində ən yüksək nəticəyə nail olub və ötən seçkilərlə müqayisədə reytinqini 13 faiz artırıb.

Qeyd edək ki, FPÖ indiyədək üç dəfə hökumət koalisiyasında yer alıb, amma hər üçündə hökumət kabinetində kiçik ortaq kimi təmsil olunub.

Hazırda hökumətdə təmsil olunan mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyası isə 26,5 faizlə ikinci yerdə qərarlaşıb. Sosial-demokratlar da partiyanın tarixində ən uğursuz seçki göstəricisi (21 faiz) ilə üçüncü olublar. Bundan əlavə, liberal demokratlar (9 faiz) və “yaşıllar” (8 faiz) da yeni parlamentdə yer qazanıblar.

Maraqlı nüanslardan biri də Avstriya kommunistləri ilə Pivə Partiyasının (Die Bierpartei) eyni reytinqə (hər ikisi 2 faiz) malik olmasıdır. Kommunistlərdən fərqli olaraq, bu, ikinci dəfə parlament seçkilərində iştirak edən “pivəçilər” üçün mühüm nəticədir. 2014-cü ildə rok musiqiçi Dominik Vlaznı tərəfindən təsis edilən təşkilat özünü “satirik siyası partiya” kimi tanıdır. 2019-cu il seçkilərində partiya cəmi 0,6 faiz səs toplamışdı.

Parlament seçkilərində 6,3 milyon səsvermə hüququna malik Avstriya vətəndaşlarının 75,6 faizi iştirak edib.

Vüqar Orxan