Bakının bir addımlığında yerləşən Sumqayıta uzun tıxacla gedib çıxdım. Beləcə, iki şəhər arasında evdən işə, işdən evə gedib-gələnlərin nələr çəkdiyini hiss edərək özümü, gec də olsa, hadisə yerinə – Sumqayıt Dövlət Dram Teatrına yetirdim. Sözsüz ki, mühüm bir səbəb vardı. Teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmovun yubiley gecəsi (30 sentyabr) və haqqında nəşr olunan kitabın təqdimatı.

Bəri başdan deyim, tədbir mənə xoş təsir bağışladı. Statik yanaşılmamış, kollektiv əmək və ən əsası, baş rejissora səmimi münasibət, bir növ, “yubileyçilik”dən uzaq bir sənət axşamı idi. Teatr adamları buna öz aralarında “kapustnik” (məzhəkə-tamaşa) deyirlər və xüsusi ovqatda hazırlaşırlar.

Artıq yavaş-yavaş unudulan bu ənənə rejissorun yubileyində mənim kimi ora yığışan bütün teatr adamlarını da keçmiş dövrə apardı.

Teatr adamları demişkən, mərasimdə Teatr Xadimləri İttifaqının, ölkənin bir sıra teatrlarının təmsilçiləri, eləcə də şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər ziyalıları və təbii ki, Mədəniyyət Nazirliyinin təmsilçiləri də iştirak edirdilər.

Rəsmi deyə biləcəyimiz hissədə yazıçı-dramaturq Hafiz Ataxanlının Firudin Məhərrəmovun yaradıcılığını əks etdirən “Altıncı hücrənin remarkası” kitabının təqdimatı oldu.

Kitabda görkəmli rejissor, Xalq artisti, iki dəfə “Qızıl dərviş” mükafatı laureatı, “Tərəqqi” medalçısı, Prezident mükafatçısı Firudin Məhərrəmovun 65 illik ömrünün sənət səhifələri əksini tapıb. O cümlədən rejissorun quruluş verdiyi tamaşalar haqqında yazılar, onun dövri mətbuatda dərc olunan müsahibələri (“Mədəniyyət” qəzetinə də) kitabda yer alıb.

Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğlu, yazıçı-ssenarist, Əməkdar jurnalist Eyruz Məmmədov, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın sədri, yazıçı Hümbət Quliyev və başqaları çıxış edərək Sumqayıtın ədəbi və mədəni mühitinin zənginliyindən, sənətə, sənətkara həsr olunmuş kitabın məziyyətlərindən danışıb, yubilyara yeni yaradıcılıq uğurları arzuladılar.

Sonra yubiley axşamının aparıcıları – Əməkdar artistlər İlahə Səfərova və Cəlal Məmmədov yubilyarı təbrik elədilər.

Qonaqlar F.Məhərrəmovun həyat və yaradıcılığı haqqında qısa videoçarxa baxdılar. Ümumilikdə tədbir boyu həm monitor vasitəsilə, həm də canlı olaraq rejissorun quruluş verdiyi tamaşalardan parçaları izlədik.

Səbəbkara təbrik çıxışları isə çox idi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Xalq artisti, görkəmli teatr rejissoru Cənnət Səlimova, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli və başqa söz alanlar F.Məhərrəmovun qurduğu tamaşalar, özünəməxsus rejissor dəst-xətti haqqında danışdılar.

Hacı İsmayılov ittifaqın medalını yubilyara təqdim etdi.

Dost teatrların şarjları da maraqla qarşılandı.

Akademik Milli Dram Teatrından Xalq artisti Sabir Məmmədov, teatrın truppa müdiri Elnur Məmmədov, İrəvan Dövlət Azərbaycan  Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Bakı Bələdiyyə Teatrının baş rejissoru Xalq artisti  Mərahim Fərzəlibəyov, truppa müdiri İsmayıl Atakişiyev, Mingəçevir Dövlət Dram Teatrının direktoru Əməkdar artist İntiqam Soltan, uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışan, indi yaradıcılıq yolunu Mingəçevir teatrında davam etdirən Xalq artisti Valeh Kərimov səbəbkara və tamaşaçılara xoş anlar bəxş edən bədii təbriklər təqdim etdilər.

Gecənin musiqili qonaqları Natiq Məmmədov, Elay Xasıyev və Şəmistan Muradxanlı, eləcə də Sumqayıt Dövlət Dram Teatrının gənclərinin yubileyə özəl səhnəcikləri də maraqla qarşılandı.

Sonda çıxış edən F.Məhərrəmov unudulmaz anlara görə hər kəsə təşəkkürünü bildirdi, səhnədə, Sumqayıt teatrında olmağın, ömrünü bu peşəyə həsr etməyin verdiyi məmnunluqla “Azərbaycan teatr sənətinə xidmət etmək, müəllimlərimdən öyrəndiklərimlə yola çıxaraq yetişdiyim bu məqama görə doğma tamaşaçılara və qurub-yaratmaq eşqi ölməyən teatr fədailərinə sonsuz təşəkkür edirəm”, – deyib alqışlar altında təzim etdi.

Həmidə Nizamiqızı