Azərbaycan

 

4 oktyabr 1923 – Teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. Dövlət Rus Dram Teatrında çalışıb, respublika Dövlət mükafatına layiq görülüb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

4 oktyabr 1924 – Opera müğənnisi, Əməkdar artist Sona Şahnəzər qızı Aslanova (1924-2011) anadan olub. Opera və operettalarda (Nigar – “Koroğlu”: Gülçöhrə – “Arşın mal alan”) çıxış edib. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-də yaşayıb və orada dünyasını dəyişib.

4 oktyabr 1957 – Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916–1957) vəfat edib.

4 oktyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 – 2000) vəfat edib. Populyar mahnıların, filmlərə musiqilərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

4 oktyabr 2006 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (12.6.1933 – 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996–2006-cı illərdə teatra rəhbərlik edib. Filmlərdə  çəkilib.

4 oktyabr 2016 – Tanınmış teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov  (2.9.1949 – 2016) vəfat edib. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında işləyib.

 

5 oktyabr 1918 – Xalq artisti Qalina Borisovna Koltunova (1918-1994) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.

5 oktyabr 1928 – Tanınmış ədəbiyyatşünas alim, yazıçı Məsud Əlioğlu (Vəliyev; 1928–1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

5 oktyabr 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (1935 – 30.7.2018) Bakıda anadan olub. “Ağlar və qaralar” baletinin, simfoniyaların, mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.

5 oktyabr 1935 – Əməkdar artist Məcnun Salam oğlu Hacıbəyov (1935 – 16.11.2021) Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

5 oktyabr 1955 – Əməkdar artist Simuzər Məmmədqulu qızı Namazova (1955 – 1.7.1996) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Ağdam və Gəncə teatrlarında çalışıb.

5 oktyabr 1961 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (15.3.1911 – 1961) vəfat edib. Gəncə teatrında, Musiqili Komediya Teatrında çalışıb.

5 oktyabr 2002 – Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov (27.4.1951 – 2002) vəfat edib.

5 oktyabr 2011 – Prezident İlham Əliyev tanınmış ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Abbas Zamanovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

5 oktyabr 2021 – Xalq artisti Vaqif Abdulla oğlu Şərifov (12.8.1943 – 2021) vəfat edib. Sumqayıt, Ağdam teatrlarında baş rejissor, Gəncə Dövlət Dram Teatrında baş rejissor və bədii rəhbər işləyib, filmlərə çəkilib.

 

6 oktyabr 1930 – Dövlət xadimi, publisist Səməd ağa Ağamalıoğlu (1867–1930) vəfat edib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, sovetləşmədən sonra Azərbaycan SSR MİK (respublika hökuməti) sədri, Yeni Türk Əlifbası Komitəsinin sədri olub.

6 oktyabr 1975 – Bakıda Səməd Vurğunun Ev-Muzeyinin açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

 

7 oktyabr 1921 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Gita Aleksandrovna Bessantina (1921-2000) anadan olub.

7 oktyabr 2021 – Əməkdar rəssam, heykəltaraş Namiq Əbdülxaliq oğlu Dadaşov (27.11.1945 – 2021) vəfat edib. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.

 

8 oktyabr 1951 – Əməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (1951 – 26.4.2021) Masallı rayonunun Bədəlan kəndində anadan olub.

8 oktyabr 1975 – Əməkdar artist Rəşid Səməndər oğlu Rzayev (1975 – 20.11.2020) anadan olub. Akademik Milli Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.

8 oktyabr 2009 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935 – 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi” və s. romanların müəllifidir.

8 oktyabr 2010 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (30.1.1948 – 2010) vəfat edib. Akademik Musiqili Teatrda, Dövlət Mahnı Teatrında çalışıb.

8 oktyabr 2021 – Xalq artisti Ağakişi Şəmməd oğlu Kazımov (28.6.1935 – 2021) vəfat edib. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev rolunda) çəkilib.

 

Dünya

 

4 oktyabr 1720 – İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi; 1720–1778) anadan olub.

 

5 oktyabr 1713 – Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713–1784) anadan olub. Fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) müəlliflərindən biri olub.

5 oktyabr 1936 – Çex yazıçı-dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936–2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çex Respublikasının ilk prezidenti (1993-2003) olub.

5 oktyabr 1943 – SSRİ Xalq artisti, teatr və kino aktrisası İnna Çurikova (1943 – 14.1.2023) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Vassa”  və s.

 

6 oktyabr 1914 – Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl; 1914 – 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.

6 oktyabr 1923 – Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökceli; 1923 – 28.2.2015) anadan olub. “Tənəkə”, “Yağmurcuq quşu”, “Qanın səsi” romanlarının müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.  

 

7 oktyabr 1915 – Rus şairi Marqarita Aliger (1915–1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

 

8 oktyabr 1892 – Rus şairi, yazıçı Marina Svetayeva (1892 – 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.

Hazırladı: V.Orxan