Yazıçı Varis: «Əsərin bu dərəcədə uğur əldə edəcəyini gözləmirdim»
   
   «Sonuncu ölən ümidlərdir»... Ötən ilin noyabr ayında nəşr edilən bu roman ölkədə ən çox oxunan kitaba çevrilib. Bu gün artıq əsər ən məşhur saytların çatlarında müzakirə edilir, müxtəlif İnternet reytinqlərində populyar kitablar sırasına salınır. Kitabın üz qabığında yazılmış «Kitab oxumağın vaxtı yetişdi!» devizi elə ilk günlərdəcə özünü doğrultdu. 10000 nüsxənin satışına 47 gündə nail olmaq, qısa müddət ərzində 500-dən artıq oxucu rəyi almaq belə deməyə əsas verir ki, doğrudan da, kitab oxumağın vaxtı yetişdi. Romanın qısa müddət ərzində belə sürətlə uğur əldə etməsi ortaya bəzi maraqlı və mübahisəli suallar çıxarır. Elə bu suallarımıza cavab almaq məqsədilə kitabın müəllifi - «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru Varis Yolçiyevlə həmsöhbət olduq.
   
   - İndiki texnogen erada, insanların ədəbiyyatı İnternetlə oxuduğu bir vaxtda 10 min tirajla kitab nəşr etmək ideyası hansı ehtiyacdan yarandı?
   - Statistik hesablamalara görə, Azərbaycanda əhalinin 5 faizi kitabı İnternetdən oxuyur. Ona görə 10 min tirajla kitab çap etmək o ehtiyacdan irəli gəldi ki, ölkədə son vaxtlar kitab oxunmurdu və kitabın oxucuya çatdırılması mexanizmi də sıradan çıxmışdı. Kitab oxumaq istəyənlər isə həddindən artıq çox idi. Ancaq onların istədikləri kitabı ortaya qoyan yox idi. Bildiyiniz kimi, latın qrafikalı əlifbaya keçəndən sonra ziyalıları çıxmaq şərti ilə, yaşlı oxucuları itirdik. Onların bu əlifbanı öyrənmələri çətin oldu. Ona görə də artıq oxucu kütləsinin əsasını gənclər təşkil etdiyindən bu təbəqəyə yönəlik bir kitab çıxartmaq lazım idi. Buna görə də, bu kitabı 10 min tirajla nəşr etdik. Onu da qeyd edim ki, dünyada belə bir hesablama var ki, əhalinin təxminən 1 faizi sayda kitab nəşr olunmağı məqbul sayılır. Əgər bizim 8 milyon əhalimiz varsa, 80 min tirajla kitab çıxmalıdır. Belə oduqda 10 min tiraj elə də böyük rəqəm deyil. Sadəcə, indi kitablar 500-1000 tirajla çıxır deyə, bu rəqəm böyük görsənir. Məsələn, mən bir az da tanınandan sonra 50-60 min kitab çıxarmağı planlaşdırıram.
   - «Sonuncu ölən ümidlərdir» romanı nədən belə populyarlıq qazandı?
   - Müstəqil Azərbaycanda yetişən yeni nəsil bu günlə səsləşən, bu günümüzün hadisələrini özündə əks etdirən bədii ədəbiyyat nümunəsini gözləyirdi. Doğrudan da, bugünkü oxucuda bir mənəvi aclıq hiss olunurdu. Ancaq oxucu arzulayan kitabı yazmaq hələ işin yarısı idi. Daha çətini kitabın oxucuya çatdırılması idi.
   - Bəs bu prosesi necə reallaşdırdınız?
   - Biz xüsusi bir qrup yaratmışıq. Bura müəllifdən başqa bir neçə piar -menecer daxildir. Biz kitabın satışını təşkil edir, oxuculara kitabları hədiyyə verir, həm də dəvət olunduğum auditoriyalarda görüşləri keçirdirik. İlk vaxtlarda təxminən 2000 kitab hədiyyə olundu. İkinci mərhələdə kitabın satışını təşkil etdik.
   - «Sonuncu ölən ümidlərdir» əsəri «Kitab oxumağın vaxtı yetişdi!» adı altında orijinal bir seriyada çap edildi. Düşünürsünüzmü ki, kitab oxumağın vaxtı doğrudan da, yetişib?
   - Mən düşünürəm ki, artıq yetişib. Çünki ən azından ona görə ki, 30-a yaxın mətbu orqanda, bir çox İnternet saytlarında kitab haqqında yazılar gedib. Bu günə qədər 531 oxucu məktubu almışam. Hətta yeniyetmələrin portalında əsər haqqında müzakirələr gedir. Sevindiricidir ki, ən yaxşı 5 kitab arasında xarici müəlliflərlə birlikdə mənim də adım çəkilir. Maraqlıdır ki, oxucularım arasında ən müxtəlif yaş təbəqələrinə aid olan insanlar var. Məsələn, məktub yazan ən gənc oxucu 14, ən yaşlı oxucu isə 65 yaşındadır.
   - Romanı oxuyarkən insanın gözləri qarşısında real həyat hadisələri canlanır. Maraqlıdır, yaşadığınız həyat hadisələrini, unuda bilmədiyiniz xatirələri mətnə çevirməklə fənd işlətmisiniz? Belə də fikirləşmək olar ki, yazıçı Varis yaranmış boşluqlardan məharətlə faydalanıb.
   - Ümumiyyətlə, bütün bədii əsərlər yazıçının bir fəndidir. Əgər oxucuların qəlbinə yol tapa bilmişəmsə, deməli, bu fənd uğurlu olub. Təbii ki, ordakı bəzi xatirələr mənim öz həyatımdan götürülüb.
   Mən də personaj kimi varam, qəzet redaktoruyam. Sualın digər tərəfinə gəlincə, təbii ki, yaranmış boşluqdan məharətlə faydalanmışam. Bu gün doğrudan da, insanlarda daxilən bir mənəvi boşluq hiss olunur. 65 yaşlı bir qadın mənə zəng edib hönkür-hönkür ağlayırdı ki, siz məni 40 il əvvələ qaytarmısınız. Bu gün mən Hollandiyadan, Kanadadan, Rusiyadan məktublar alıram. Kitabın elektron variantı olduğundan onu xaricdə də oxuya bilirlər. Etiraf edim ki, əsərin bu dərəcədə uğur əldə edəcəyini gözləmirdim.
   - Kitab böyük yazıçımız İsmayıl Şıxlının sizin yaradıcılığınıza verdiyi müsbət qiymətlə başlayır. İsmayıl Şıxlı sizin ilk qələm təcrübələrinizlə nə vaxt tanış olmuşdu?
   - 90-cı illərin əvvəllərində böyük yazıçımız mənim hekayələrimi çox bəyənib, onlara uğurlu yol yazmışdı. Ancaq sonradan mətbuata gəlişim mənim yazıçılığımı ləngitdi.
   - Niyə məhz ilk kitabınızda sevgi mövzusuna toxundunuz?
   - Bu, əbədi bir mövzudur. Kütləvi roman yazmaq üçün, məncə, ən populyar mövzuya müraciət edilməlidir. Yazıçı öncə oxucunun ardınca getməlidir. Müəyyən auditoriya yığdıqdan, sevildikdən sonra isə oxucunu öz ardınca aparmalıdır.
   - «Sonuncu ölən ümidlərdir» əsəri, sizcə, oxuculara nəyi aşılayır?
   - Makiavellinin hikmətli bir sözü var: «Məqsəd vasitələri doğruldur». Mənim qəhrəmanım Nailə də bu devizlə yaşayır. 20 yaşlı gənc qız ailəsini saxlamaq zorunda qalır, sevdiyi oğlan tərəfindən aldadılır, pis yola düşür, nəhayət, insan qatilinə çevrilib həbs olunur. Ancaq sonradan həyatını dəyişə bilir, gənc vaxtlarında arzuladığı hər şeyə çatır. Zəngin bir xanım ikən təsadüfən küçədə illər öncə pis yola düşərkən görüşdüyü bir kişini görür. Özündən iyrənir. Keçmişinin ləkəli hissəsi ona əzab verir. Beləcə də baş götürüb ölkədən qaçır, başa düşür ki, məqsəd vasitələri heç də həmişə doğrultmurmuş.
   Poçtumda bir neçə oxşar məktub var: «Mən də Nailənin həyatını yaşayır, maddi ehtiyac üzündən pis yola gedirdim. Siz mənə sonumu göstərdiniz».
   Məncə, əsərin ən böyük uğuru elə budur. Oxucularım arasında elələri var ki, ilk dəfə mütaliyəyə məhz bu kitabla başlayıblar. Onlar etiraf edirlər ki, əsər onlarda mütaliəyə həvəs yaradıb.
   - Romanınız ətrafında yaranan mübahisəli məqamlardan biri də onun intellektual ədəbiyyata deyil, bestseller janrına aid olmasıdır...
   - Məsələn, deyirlər ki, Kairo, Umberto Eko, Stanislav Len intellektual ədəbiyyatdır. Bütün dünya bu gün Orxan Pamuku oxuyur, Markesi qəbul edir. Əslində bu gün ən gözəl ədəbiyyat Markesin ədəbiyyatıdır. Ədəbiyyat elə bir dildə olmalıdır ki, oxucu oxuyanda onu film kimi gözünün qarşısında görməlidir. Millət vəkilləri, alimlər mənim əsərimi oxuyub rəylərini bildiriblər.
   - Oxucu kateqoriyasını necə müəyyənləşdirmək olar?
   - Oxucu kateqoriyasını mən görüşlərdə müəyyənləşdirə bildim. Məsələn, ən çox görüşmək istəyən və məktub aldığım iki kateqoriyadır: tələbələr və hərbçilər. Kitab hərbi hissələrdə çox populyardır. Elə olub ki, bir nəfər ucadan oxuyur, 30-35 əsgər ona qulaq asır. Hərbi hissələrdən birində bir rusdilli oğlan var, hamı kitabı oxuyub, ona mənasını danışıblar, indi o, mesaj yazıb ki, bəlkə, kitabı rus dilində də nəşr edəsiniz. Tələbələrə gəldikdə isə ali məktəblərlə, texnikumlardan məktublar alırıq.
   - Sizcə, «Sonuncu ölən ümidlərdir» əsərinin müəllifə gətirdiyi uğurun ardınca daha hansı ümidlərinizi həyata keçirəcəksiniz?
   - Aprel-may aylarında oxuculara «Bir ovuc torpaq» adlı yeni bir əsərimi təqdim edəcəm. Bu əsər daha ciddi mövzuda yazılıb: vətənpərvərlik və detektiv janr birləşib qeyri-adi bir əsər alınıb.
   
   MEHPARƏ