Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin bu günlərdə Moskvada diplomatik fəaliyyətini başa çatdıran Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
2006-cı ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri olmuş Polad Bülbüloğlu ölkələrimiz arasında müttəfiqlik əməkdaşlığının gücləndirilməsində səylərinə görə yüksək təltifə layiq görülüb.
Oktyabrın 1-də RF Xarici İşlər Nazirliyində Polad Bülbüloğlu ilə görüş keçirilib. Nazir Sergey Lavrov “Aleksandr Nevski” ordenini Polad Bülbüloğluna təqdim edib. O, ümidvar olduğunu bildirib ki, Polad Bülbüloğlu Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri kimi də çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.
Təltifə görə təşəkkürünü bildirən Polad Bülbüloğlu iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında Azərbaycan Prezidentinin mühüm rolunu qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycanın Rusiyaya yeni səfiri təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev ölkəmizin Moskvada səfiri təyin edilib. R.Mustafayev bundan öncə Azərbaycanın Niderlandda səfiri olub.