Olaylar, faktlar (4 – 7 oktyabr)

 

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.

 

442 il əvvəl...

 

4 oktyabr 1582-ci ildə Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanın da daxil olduğu keçmiş Rusiya imperiyasının ərazisində yeni təqvimə keçid 1918-ci ilin əvvəlində baş verdi.

 

123 il əvvəl...

 

5 oktyabr 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi açılıb. Məktəb maarifpərvər ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilmişdi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə Məlikova-Zərdabi idi.

 

67 il əvvəl...

 

4 oktyabr 1957-ci ildə SSRİ-də dünyanın ilk süni peyki – “Sputnik-1” kosmosa çıxarılıb. ABŞ ilə yarışan SSRİ kosmosun fəthində birincilik əldə edib.

 

51 il əvvəl...

 

6 oktyabr 1973-cü ildə növbəti Ərəb-İsrail müharibəsi (“Məhşər günü” savaşı) başlayıb. Yəhudilərin əlamətdar dini günü (“Məhşər günü” – Yom Kipur) qeyd olunduğu vaxt Misir və Suriyanın İsrailə qarşı başlatdığı savaşın məqsədi 1967-ci ildəki “Altıgünlük müharibə”də (5-10 iyun) məğlubiyyətin əvəzini çıxmaq idi. Lakin 20 günə yaxın sürən bu müharibəni də İsrail qazandı və 6 il əvvəl zəbt etdiyi Sinay yarımadasına (Misir) nəzarəti saxlamaqla bərabər, Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini (paytaxt Dəməşqin 40 kilometrliyi) ələ keçirdi. 25 oktyabrda İsrailin tərəfində olan ABŞ-nin və ərəblərə yardım edən SSRİ-nin ümumi səyləri ilə müharibə dayandırıldı.

 

31 il əvvəl...

 

4 oktyabr 1993-cü ildə Moskvada prezident-parlament qarşıdurması güc tətbiqi ilə başa çatıb. Prezident Yeltsin tərəfindən buraxılmış Ali Sovetin tərəfdarlarının silaha əl atmasına cavab olaraq şəhərə hərbi qüvvələr yeridilib, parlament binası topa tutulub. Ali Sovetin sədri R.Xasbulatov, ona dəstək verən vitse-prezident A.Rutskoy və başqaları həbs edilib. Bu hadisədən sonra Rusiyada sovetlərin mövcudluğuna rəsmən son qoyuldu. 1993-cü il dekabrın 12-də yeni Konstitusiya qəbul olundu və qanunverici orqan kimi Dövlət Duması təsis edildi.

 

30 il əvvəl...

4-5 oktyabr 1994-cü ildə Bakıda və Gəncədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Çevrilişə hazırlıq oktyabrın 3-də DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbəri Rövşən Cavadov və qardaşı, Xətai rayonunun prokuroru Mahir Cavadovun Respublika Prokurorluğuna basqını ilə başlamışdı. Oktyabrın 4-də baş nazir Surət Hüseynovun göstərişi ilə silahlı dəstələr Gəncədə hakimiyyəti devirməyə cəhd etdi. Prezident Heydər Əliyevin qətiyyəti sayəsində bunun qarşısı alındı. Oktyabrın 4-ü gecə Heydər Əliyevin çağırışı ilə Prezident Aparatının binası önünə toplanan minlərlə insan dövlət başçısına dəstək verdi. 5 oktyabrda “Azadlıq” meydanında mitinqdə çıxış edən Heydər Əliyev dövlətçiliyin müdafiəsinə qalxdığına görə Azərbaycan xalqına təşəkkür etdi.

 

23 il əvvəl...

 

7 oktyabr 2001-ci ildə ABŞ və müttəfiqləri Əfqanıstanda antiterror əməliyyatına başlayıb. 11 sentyabr terroruna cavab olan “Əyilməz azadlıq” adlı əməliyyat 2002-ci ilin yanvarında Əfqanıstanda “Taliban” rejiminin süqutu ilə başa çatdı. 2021-ci ildə amerikalılar Əfqanıstanı tərk etdikdən sonra “Taliban” yenidən hakimiyyətə qayıtdı.

Hazırladı: V.Orxan