Son illər ölkəmizin dünya kino bazarına çıxışını sürətləndirmək, istehsal sahələrində davamlı inteqrasiyanı təmin etmək məqsədilə bir sıra beynəlxalq layihələr həyata keçirilir. Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Kino Agentliyinin (ARKA) dəstəyi ilə Heydər Əliyev Mərkəzində açılışı keçirilən “Baku Cinema Breeze” (BCB) Beynəlxalq Film Festivalı da bu qəbildən diqqətəlayiq layihədir.

Audiovizual sənayenin inkişafına istiqamətlənən festival Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.

Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov festivalın məqsədinin Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək olduğunu diqqətə çatdırdı. Bildirdi ki, festival Azərbaycanı qlobal kino xəritəsində daha yaxşı tanıdacaq.

Qeyd olundu ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində mədəniyyət və yaradıcı sənayelər, xüsusilə də kino sahəsində mühüm işlər görülür. Mədəniyyət Nazirliyi mütəmadi olaraq animasiya, tammetrajlı və qısametrajlı filmlərlə bağlı festival və müsabiqələrin keçirilməsinə dəstək göstərir.

TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov Azərbaycanın kino sənayesində mühüm irəliləyişlərin olduğunu dedi. Bildirdi ki, bu kimi tədbirlər ortaq layihələrin dəstəklənməsi ilə yanaşı, kino sənayesi bazarını müəyyən edən istehsalçıların mübadiləsinə, birgə layihələrin dəstəklənməsinə zəmin yaradacaq.

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov festivalın kino sənayesindəki proseslərin sürətləndirilməsinə töhfə verəcəyini, aidiyyəti şirkətləri müştərək layihələrə sövq edəcəyini vurğuladı. Festival haqqında məlumat verən şöbə müdiri layihə çərçivəsində Şərqi və Mərkəzi Asiya ölkələrinin kino sənayesi nümayəndələrinin bir araya gəldiyini, tədbir çərçivəsində bu sahədə əməkdaşlıqların müzakirə ediləcəyini bildirdi. Qeyd edildi ki, tədbirdə ABŞ, Kanada, Hindistan, Türkiyə və digər ölkələrdən kino mütəxəssislərinin iştirakı festivalın əhəmiyyətini daha da artırır.

Açılış mərasimində “Baku Cinema Breeze” festivalının əhatə etdiyi film festivallarının direktorları – İmam Həsənov (“DokuBaku”), Rəşid Ağamalıyev (ANİMAFİLM), Oktay İyusibov (Türk Dünyası Beynəlxalq Animasiya Festivalı - ATA) və Fehruz Şamıyev (Bakı Beynəlxalq Film Festivalı – BİFF) çıxış edərək tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşüblər, ideyanın dünya kinosuna inteqrasiya üçün yeni meydan olduğunu dedilər. Həmçinin tədbirdə bu xüsusi günün əbədiləşdirilməsi üçün üzərində “Baku Cinema Breeze” yazılan boşqaba imzalar çəkilib.

Tədbir çərçivəsində ARKA-nın təsis etdiyi “Yaşıl dünya naminə” kino mükafatı da təqdim olundu. Mükafatı mədəniyyət nazirinin müavini Səadət Yusifova “On melting snow” (“Əriyən qar üzərində”) filmi ilə qlobal iqlim gündəminə verdiyi töhfəyə görə kinematoqraf Mojitaba Bahaduriyə təqdim etdi.

Gecədə “Animasiya film sənayesinin inkişafına verdiyi töhfəyə görə” təltif olunan Məsud Pənahi (Azərbaycan), Mavzur Mahmudov (Özbəkistan), Salimgali Mirzaşev (Qazaxıstan), Kanybek Omurbekov (Qırğızıstan), Mojek Charyyev (Türkmənistan), Berat İlk (Türkiyə) və Elçin Axundov (Azərbaycan) təşkilatçılara, onların əməyini unutmayan hər kəsə təşəkkürlərini bildirdilər.

Mükafatçılar sırasında Rusiyanın görkəmli sənədli filmlər rejissoru və ssenaristi Yevgeni Simbal da var. O, sənədli film sahəsinin inkişafına verdiyi töhfəyə görə mükafata layiq görüldü.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında film nümayişləri olacaq.

Həmidə