Ötən əsrin əvvəllərində Azərbaycanda maarifçilik işi yeni inkişaf mərhələsinə qədəm qoyur. Milli ruhlu ziyalıların səyləri ilə yeni savadlı nəsillər yetişdirilməsi istiqamətində diqqətəlayiq addımlar atılır. Həmin ziyalılardan biri görkəmli ictimai və maarif xadimi, naşir, redaktor Əlisgəndər Cəfərzadə idi.
Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə 14 oktyabr 1875-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini 1887–1890-cı illərdə rus-müsəlman məktəbində alır. 1895–1898-ci illərdə Nəriman Nərimanovun Bakıda təşkil etdiyi ilk qiraətxanada çalışır. Müəllim işləmək məqsədilə 1897-ci ildə III Aleksandr kişi gimnaziyasına ərizə ilə müraciət edir. İmtahanları müvəffəqiyyətlə verir və Azərbaycan dili müəllimi işləmək hüququnu alır. Uzun müddət Aleksey ibtidai məktəbində çalışır. Daha sonra “Nəşri-maarif” cəmiyyətinə dəvət edilir və qurumun katibi seçilir. Cəmiyyətin açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik edir.
Araşdırmalardan məlumdur ki, ötən əsrin əvvəllərində Azərbaycanda intişar tapan maarifçilik işi bir sıra dövri nəşrlərin meydana gəlməsi ilə nəticələnir. Yaranmış imkan və şəraitdən yararlanmaq məqsədilə Əlisgəndər Cəfərzadə 16 aprel 1906-cı ildə işıq üzü görən “Dəbistan” dərgisinin nəşrinə müvəffəq olur. O, jurnalın nəşrinə icazə almaq üçün Bakı şəhər rəisinə müraciətində yazırdı: “Bizdə xüsusi və ümumi müsəlman məktəblərində təhsil alan uşaqlar üçün bir mətbu orqan yoxdur. Bir xalq müəllimi kimi uşaqlar üçün Azərbaycan dilində ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı “Dəbistan” adlı jurnal nəşr etdirmək istəyirik”. Xatırladaq ki, “dəbistan” sözü fars dilində “ibtidai məktəb” deməkdir.
Onu da deyək ki, həmin dövrdə Ə.Cəfərzadənin nəşriyyat işi sahəsində yetərli təcrübəsi vardı. Ötən əsrin əvvəllərində məktəblərdə fars dilinin tədrisinin düzgün təşkili məqsədilə bu dildə nəsr və poeziya nümunələrindən ibarət “Kilidi-ədəbiyyat” adlı məcmuəni, eyni zamanda 1901-ci ildə görkəmli maarifçi Rəşid bəy Əfəndiyevin “Bəsirətül-ətfal” dərsliyini redaktə edərək nəşr etdirmişdi.
“Dəbistan”ın nəşrində məqsəd uşaqları maarifləndirmək, elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi. Dərgi təlim-tərbiyə işində ailəyə kömək məqsədilə “Valideynə məxsus vərəqə” adlı əlavə ilə nəşr olunurdu. Əlavədə uşaqların tərbiyəsi haqqında valideynlərə tövsiyələr verilir, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunmasının uşaqlar üçün əhəmiyyəti vurğulanırdı.
Dövrün tanınmış yazıçı və şairləri, publisistləri Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abdulla Şaiq, Sultanməcid Qənizadə və başqaları dərginin fəaliyyətində böyük rol oynayırdılar. Həmin müəlliflər uşaqlar üçün yazdıqları maraqlı əsərləri jurnalda dərc etdirirdilər. Burada təhsil məsələləri ilə yanaşı, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxsiyyətlər, yazıçılar haqqında, elm və texnika aləmində baş verən ən son yeniliklər, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu. Jurnalın məktəblilər və valideynlər tərəfindən daha rahat anlaşılması üçün çap olunan əsərlərdəki əcnəbi sözlərə aid lüğət və hər nömrəyə dair mündəricat da verilirdi.
Ə.Cəfərzadə tanınmış şair və yazıçılarla sıx münasibətlər quraraq, onları uşaq mövzusunda əsərlər qələmə almağa çağırır, mövzular təklif edirdi. Naşir böyük şair M.Ə.Sabirlə görüşlərinin birində ondan “Dəbistan”a töhfə kimi məktəbə dair bir şeir yazmasını xahiş etmişdi. Sabir elə həmin günün səhəri “Məktəb şərqisi” adlı məşhur şeirini yazır və əsər jurnalın növbəti nömrəsində dərc olunur:
...Gülşən, gülşən lətafətin var,
Rövşən-rövşən səadətin var,
Vazeh-vazeh bəyanlarında
Şirin, şirin hekayətin var!
Olsun, olsun səninlə xoşhal,
Yetsin, yetsin kəmalə ətfal,
Görsün, görsün pəsərlərində,
Sabir-sabir pədərlər iqbal!
Azərbaycan yazıçı və şairlərinin əsərləri ilə yanaşı, tanınmış rus ədiblərindən İ.Krılov, A.Puşkin və L.Tolstoyun yaradıcılığından tərcümə, nağıl və hekayələrə də jurnalın səhifələrində yer ayrılır. Jurnalın daha da maraqlı olması və geniş yayılması üçün son səhifədə məktub, redaksiyaya cavab, uşaq nağılları, təmsil və tapmacalar dərc olunur. Sual və tapmacalara düzgün cavab tapan uşaqlara jurnalın çapdan çıxan yeni nömrəsi göndərilir.
Bir müddətdən sonra jurnal maliyyə çətinliyi ilə üzləşir. Bundan narahat olan görkəmli ictimai xadim, publisist Məhəmməd Əmin Rəsulzadə “İrşad” qəzetinin 7 dekabr 1906-cı il sayında məqalə ilə çıxış edir. İmkanlı şəxsləri nəşrə kömək etməyə çağırır: “Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisi də öz övladınızın tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız?”.
Lakin bu müraciətlər bir nəticə vermir. 1908-ci il martın 10-da “Dəbistan” jurnalı bağlanır. Ə.Cəfərzadə jurnalın son sayında yazır: “Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımi səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, “Dəbistan”ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyır. Bütün müsəlman cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam ki, öz həmvətənlərimin yuxudan oyanmasını gözləyim. Mən dərin təəssüflə öz istəkli balamın – “Dəbistan”ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir”.
M.Ə.Sabir “Dəbistan”ın fəaliyyətini dayandırması ilə bağlı acı təəssüfünü belə ifadə edirdi:
Əlminnətü-lillah ki, “Dəbistan”da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
Cəmi iki il nəşr olunmasına baxmayaraq, maarifçi-demokratik səciyyəli “Dəbistan” jurnalı XX əsrin əvvəllərində genişlənməkdə olan maarifçilik hərəkatına mühüm töhfələr verib.
Ə.Cəfərzadə daha sonra bədii və elmi yaradıcılıqla da məşğul olur. Dövri mətbuat səhifələrində Əlişir Nəvai, Seyid Əzim Şirvani, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi haqqında məqalələri işıq üzü görür. O, eyni zamanda uşaqlar üçün “Balaca Firidun”, “Ata və oğul”, “Mərhəmətli Fatma”, “Cəmilənin sərgüzəşti” adlı hekayələr və “Kilidi-ədəbiyyat” dərsliyini yazır.
Görkəmli maarif xadimi, yazıçı, naşir Əlisgəndər Cəfərzadə 28 yanvar 1941-ci ildə vəfat edib.
Savalan Fərəcov