Altmış dəqiqə havada, bir neçə saat yerdə illəri bir-birinə qatan təəssürat
Uşaq vaxtı ağlım kəsməyə başlayanda, daha doğrusu, yeniyetməlik çağlarımda tez-tez gələcək barədə düşünərdim. Məsələn, 1980-ci ildə (on yaşım vardı) düşünürdüm, görəsən, 20, 30, 40 il sonra dünya necə olacaq, mən harada olacağam, ətrafımdakı insanlar (ailə, qohum-qonşu, dost-yoldaşlar) harada, necə olacaqlar?
Ağıla (xəyala) cürbəcür fikirlər, gələcəyin “mənzərələri” gəlirdi. Bakıya gəlib ali təhsil alacağıma əmin idim, ondan sonrası ilə bağlı qəti fikrim hələ yox idi: gah Bakıda “qalırdım”, gah da rayona-kəndə “qayıdırdım”. Amma Bakıda yaşayıb-işləməyə başlasam da, tez-tez rayona “gələcəkdim”. Özü də yalnız qatarla. Avtobusla uzaq yola çıxmağa heç həvəsim olmayıb (elə idi də yoxdur).
Rayonumuzdan hər gün üç sərnişin qatarı keçirdi: Bakıdan Qafana, Naxçıvana və oradan da İrəvana gedən qatarlar. Xüsusilə iki marşrut qrafik baxımından daha əlverişli idi: axşam qatara minirdin (ya Bakıda, ya rayonda), səhər mənzilbaşına çatırdın. Komfortu olmasa da, yatıb yuxunu alırdın, gün itkisi də olmurdu.
Beləcə, indi uzaq olan o keçmişdə hər dəfə gələcək barədə düşünəndə təkərlərinin ahəngdar tıqqıltısı ilə qulağa “sığal çəkən” qatarla fikir məni illər sonraya aparır, sonra da geri qaytarırdı. Arzular illərə qanad oldu, Bakıda tələbəlik dövrü başlandı, amma ildə heç olmayanda iki-üç dəfə rayona gedib-gəlmək vardı. 1993-cü ilin avqustun ortalarında yenə qatarla rayona getmişdim. Axırıncı dəfə...
Bir də nə vaxt bu yolu gedə biləcəkdik? Bu sual illərlə cavabını gözlədi. Arzu qanadlarında on yaşımda “yola çıxdığım” vaxtdan 20 il, 30 il, 40 il keçdi...
Ta 2020-ci ilin 27 sentyabrınadək. Sinəsini Vətəninə sipər edən igidlər o yolları açdılar...
Artıq dörd ildir Azərbaycanda bütün yollar Qarabağa aparır. 4 oktyabrda isə bu yolların bir konkret ünvanı vardı: Cəbrayıl.
27 il tar-mar edilən, yandırılıb-dağıdılan torpaqda külündən doğulub dirçəlməyə başlayan Cəbrayıl yeni yaşını, işğaldan qurtuluşunun 4 ilini qeyd edirdi.
Etiraf edim ki, nə o uzaq 80-ci ildə, nə də sonrakı illərdə ən futuristik xəyalda belə ağlıma gəlməzdi ki, günün birində Bakıdan doğma rayonumuza təyyarə ilə gedəcəyəm. Amma, necə deyərlər, ağıla gəlməyən başa gəlir. Və nə yaxşı ki gəlir. Təkcə ona görə yox ki, axırıncı dəfə 31 il əvvəl qatarla qət etdiyim dəmir yolu hələ bərpa olunur, istismar üçün hazır deyil. Həm də ona görə ki, indiki sürət çağında (yolda itirilən) hər saatın dəyəri var. Bir də ki, bu qədər möhtəşəm bir infrastrukturla yenidən qurulan yurd yerlərinə niyə “bir göz qırpımında”, uçaraq da getməyək.
***
Yoldaşlardan birinin yarızarafatla dediyi kimi, hələlik Cəbrayıla birbaşa uçuş olmadığı üçün Bakı-Füzuli reysi ilə gedirik.
Pilot elan edir ki, uçuş zamanı 35 dəqiqədir. Beləliklə, qalxış və eniş dəqiqlərini hesaba almasaq, otuz dəqiqə havada özüm-özümlə qalmışam və bu fikirləri də, əslində, göyün yeddinci qatında beynimdəki “yaddaş dəftəri”nə qeyd edirəm. Birmənalı izah və təsvir edə bilməyəcəyim hisslər burulğanında ötənlərin xatirəsi, ömrün arxada qalan illəri bir-birinə qarışır. Üstəlik, bu günün mənim üçün əlamətdar olan daha bir tərəfi var...
2020-ci ilin 4 oktyabr axşamı Prezident, Ali Baş Komandan İlham Əliyev teleekran qarşısına diqqət kəsilmiş Azərbaycan xalqına Vətən müharibəsinin ilk böyük müjdəsini çatdıranda keçirdiyim hissləri xatırlayıram.
“Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır... Bu gün Azərbaycan xalqı sevinc içindədir... Biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq” – bu sözləri deyəndə Ali Baş Komandan da sevinc qarışıq qəhər içində idi, Zəfər soraqlı ilk müraciətində səsindəki həyəcan duyulurdu. O axşam sevinc göz yaşına qərq olanlardan mənim üçün ömrün yeni bir səhifəsi də başladı. 50 yaş üçün dövlətimizin başçısının bu qalibiyyət müjdəsindən böyük hədiyyə ola bilməzdi!
Uzaq tələbəlik dövründə bir dəfə (18 yaşımda) 4 oktyabrı xüsusi olaraq qeyd etdiyimi hesaba almasaq, bu tarixin mənim üçün ömrün daha bir ilinin arxada qaldığını xatırlatmaqdan savayı, əslində, elə bir məna yükü olmayıb. Belə də davam edəcəkdi, əgər 2020-ci ilin 4 oktyabrı olmasaydı. 50 yaşdan sonrakı illəri artıq yeni bir anlamda – Vətənin ağuşuna qayıtmış doğma yurdun xilas günü, şan-şərəf təqvimimizə yazılan Cəbrayıl Şəhəri Günü kimi qeyd etmək var. Dünyaya gəldiyin gün bütöv elin bayramına təsadüf edirsə, bundan xoş nə ola bilər...
Bu düşüncə içində göyün yeddinci qatından aşağı enirəm. Bakıdan böyük bir heyəti gətirən təyyarə ehmalca enişdən sonra Füzuli hava limanının gözəlliyi gözümüzü oxşayan binası önündə dayanır. Qarabağ torpağına xoş gəldik deyib avtobuslarla mənzilbaşına yola düşürük. Füzulidən Cəbrayıla yeni çəkilmiş, əvvəlkindən daha qısa və rahatlığına söz olmayacaq yolla – dörd il əvvəl bu günlər igid oğulların qanı-canı ilə azad etdikləri təpələrin arasından keçərək gedirik. Yarım saat çəkmir – budur, Cəbrayıl şəhərindəyik...
***
Cəbrayılın əsas meydanı. Şəhərin mərkəzi küçəsi də buradan keçirdi. Bir vaxtlar zəhmətkeşlərin bayramı 1 mayda, Oktyabr inqilabı günündə (7 noyabr) təntənəli nümayiş-keçidlər, digər əlamətdar tədbirlər burada olardı. Kənd uşaqları olan bizlər də rayon mərkəzinə gələndə gəzintiyə burdan başlayardıq.
Meydanın yuxarı başında Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun büstü qoyulmuşdu. Geniş küçənin o üzündə kitab mağazası vardı, şəhərə (o vaxtlar hələ qəsəbə idi) ilk baş çəkdiyim yer ora olardı. Onun yaxınlığında çayxana-yeməkxana, bir az aralıda təsərrüfat malları mağazası. Küçənin bu tayında univermaq, “Davudun dükanı” kimi tanıdığımız ərzaq mağazası (taxta çəlləklərdəki pendirin xüsusilə çox alıcısı olardı), üzüaşağı gedəndə sağda ikimərtəbəli mehmanxana, solda rayon İcraiyyə Komitəsinin üçmərtəbəli binası. Onu keçəndən sonra əzəmətli çinarın yanında dayanardıq. Yeddi əsr yaşı olan nəhəng gövdəli ağac SSRİ-nin “Qırmızı kitabı”na salınmışdı. Dibindən kəhriz (“Lenin kəhrizi” – küçənin adı ilə) suyu axırdı. Küçəboyu irəlidə ikimərtəbəli “Uşaq aləmi” mağazası, məişət evi (fotostudiya, dərzi və s.), sonra böyük bazar, ondan sağa dönəndə universam vardı...
İndi onların heç biri yoxdur. Otuz ilə yaxın misilsiz bir barbarlıq – erməni vandalizmi ilə üz-üzə qalmış digər yurd yerlərimiz kimi, Cəbrayıl da yerlə yeksan edilib, daşı daş üstə qalmayıb. Yolboyu diqqət yetirsən, bəzi tikililərin bünövrə daşlarını görə bilərsən...
Artıq iki ildir Cəbrayıl da yenidən qurulur. Daş üstünə daş qoyulur, yeni şəhər salınır. Qoca çinar dibindən kəsilsə də, kökü qurumayıb. Çünki kökü sudadır. Kəhrizin gözü tutulsa da, suyu tükənməyib. Çinarın gənc pöhrəsi də artıq 8-10 metr hündürlüyə qalxıb...
Bir vaxtların meydan yerində böyük bir konsert səhnəsi qurulub, bir qədər aralıda tamaşa səhnəsi də var. Ətrafda çal-çağır, büsat. Peşəkar rəssam və sənətkarlar, xalçaçılarla bir arada uşaqlar da əl qabiliyyətlərini göstərirlər.
“Şəhər günü” konserti başlayıb. İfalar bir-birini əvəz edir. Müğənni Gülüstan Əliyeva mərhum sənətkar Məmmədbağır Bağırzadənin ilk dəfə canlı ifada eşitdiyim “Cəbrayıl” mahnısını oxuyur. Yurdun, bir zamanların abad şəhərinin tərənnümü... İndi nə o şəhər var, nə də onun vəsf olunan mənzərəsi. Amma yeni şəhərin ilk ünvanları gələcəyə ümid çıraqlarıdır. “Şəhər günü”nün təntənəsi bir qədər aralıdakı yeni yaşayış kompleksinədək yayılır. 4-5 mərtəbəli binalarda 700-dən çox mənzil hazırdır. 130-dan çoxuna sakinləri köçüb. Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəb (iki il sonra Cəbrayılın qocaman tədris ocağı kimi 150 yaşını qeyd edəcək) binası da yenidən qurulan Cəbrayıl şəhərinin ilk ünvanlarındandır...
***
Bayram büsatı davam edir. Biz isə Bakıya qayıdırıq. Yenə göyün yeddinci qatında illəri qovan xəyal-düşüncələr... Artıq keçmişi yox, gələcəyi düşünürəm. Amma, on yaşında olduğum kimi, 20, 30, 40 il sonranı deyil, daha yaxın gələcəyi. Hər halda, ömrün çoxu arxada qalıb. Arzu da gərək elə qanad açsın, ona gedib çata biləsən.
Arzum budur ki, tezliklə Bakıdan Cəbrayıla yola düşəcək qatarla 32-ci ildir doğma yurddan uzaq düşən valideynlərimi o torpağa aparmaq qismət olsun...
Bir də... bir daha bizə təqvimimizə külündən dirçəlib, yenidən qurulan şəhərlərimizin gününü yazmaq qismət olmasın...
Mən bu arzu-diləklə baş-başa ikən təyyarəmiz yerə enir. Bu dəfə 30 dəqiqə, deyəsən, daha tez keçdi... Deməli, otuz il bizdən uzaq düşən yerlərimiz bu qədər yaxında imiş...
***
Sonda... bu yazı, əslində, burada bitmir, ardı var...
Cəbrayılın bir parçası olan balaca vətənimin – Quycaq kəndinin öz sakinlərini qoynuna alacağı günün təntənə-təəssüratını da yazmaq ümidi ilə...
Vüqar Əliyev