Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 30 sentyabr – 10 oktyabr tarixlərində Rusiyanın Həştərxan şəhərində keçirilən “Teatralnaya delta” III Beynəlxalq Festival-Forumunda iştirak edib.
Yaradıcı heyət Həştərxan Dram Teatrının səhnəsində A.S.Puşkinin əsəri əsasında hazırlanan “Kapitan qızı” tamaşasını təqdim edib. Tamaşaya rusiyalı rejissor İqor Konyayev quruluş verib.
Səhnə əsəri ötən il “Sankt-Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində təqdim olunub. Bakıda premyerası 2023-cü ilin iyununda olub. Bu ilin aprelində “Kapitan qızı” Sankt-Peterburqda keçirilən “Rusiyada görüşlər” XXVI Beynəlxalq Rus Teatrları Festivalında, may ayında isə A.P.Çexovun Ədəbi-Memorial Malikanə-Muzeyində (Moskva vilayətinin Çexov rayonu) “Melixovskaya vesna” teatr festivalında nümayiş olunub.
Azərbaycan aktyorlarının təqdimatında Puşkinin yaradıcılığına olan böyük marağı Həştərxan Dram Teatrının tamaşa zalındakı anşlaq və sonda tamaşaçıların sürəkli alqışları təsdiq edirdi.
Rus Dram Teatrının yaradıcı heyəti mədəniyyətlərarası dialoqu təşviq edən festival-forumun iştirakçısı kimi diploma layiq görülüb.
Təqdimat mərasimində teatrın direktoru Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev və Həştərxandakı azərbaycanlı diasporunun sədri Vahid Rəhimov da iştirak ediblər.
Teatrın kollektivinin üzvləri Həştərxanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsini də ziyarət ediblər.
“Teatralnaya delta” festivalının adı Volqa çayının qollara və ayrı-ayrı axarlara ayrılaraq nəticədə hamısının dənizə töküldüyü Həştərxan deltası kimi – müxtəlif teatr formaları və janrlarının təcəssümünü əks etdirir. Teatr bir sənət növü kimi dəniz mənasında göstərilir. Festival Həştərxan Vilayəti Hökumətinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunur.