Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkar və tarzən, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun 75 illiyinə həsr edilmiş konsert olub.

Oktyabrın 4-də keçirilən konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) ifasında bəstəkarın “Cümhuriyyət marşı”, tar və simfonik orkestr üçün “Çahargah” dəsgahı”, Cövdət Hacıyevın “Sülh uğrunda” əsərləri səsləndirilib. “Çahargah” dəsgahı” Əməkdar artist tarzən Sahib Paşazadənin ifasında təqdim edilib.

Məmmədağa Umudov 1949-cu ildə Bakının Əmircan kəndində dünyaya göz açıb. Kənddəki Mədəniyyət evində tar dərnəyinə gedib, ilk musiqi müəllimi Sabir Ramazanov olub. 1964-cü ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə (indiki Musiqi Kolleci) qəbul olur, ixtisas müəllimi Akif Novruzovun, eləcə də muğam müəllimi Kamil Əhmədovun sayəsində tar ifaçılığı sənətinin dərinliklərinə yiyələnir. Ali musiqi təhsilini iki ixtisas üzrə alıb. 1968-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) İfaçılıq fakültəsində tar ixtisası üzrə təhsilini davam etdirib. 1973-cü ildə təhsilini başa vurub konservatoriyanın Bəstəkarlıq fakültəsinin II kursuna (Cövdət Hacıyevin sinfi) daxil olub.

70-ci illərdə müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar musiqinin müxtəlif janrlarında əsərlər yazıb: 3 simfoniya, “Qobustan” simfonik poeması, “Gənclik” uvertürası, fortepiano üçün prelüdlər və sonatina, tar ilə simfonik orkestr üçün “Konsert”, solo violin üçün “Sonata”, “Balet süitası”, xor və simfonik orkestr üçün “Cümhuriyyət marşı”, “Çahargah” muğam simfoniyası və s. Azərbaycan xalq və şifahi ənənəli professional musiqisinə xas olan cəhətlər Məmmədağa Umudovun yaradıcılığında mühüm yer tutur.

L.Azəri