Bölgələrdə Beynəlxalq Müəllimlər Günü qeyd olunub

 

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı (RMİ) ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “Ən şərəfli peşə” adlı tədbir keçirilib.

Qeyd edilib ki, əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildə təsis edilib. Təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.

Bildirilib ki, vətənpərvər oğulların yetişməsində müəllimlərin çox böyük rolu var. 44 günlük Vətən müharibəsi başlayan gündən 760 nəfər təhsil işçisi könüllü şəkildə döyüşlərə qoşularaq torpaqlarımızın işğaldan azad olunması uğrunda müharibədə fəal iştirak ediblər. Onlardan 20 nəfəri şəhidlik zirvəsinə ucalıb, onlarla döyüşçü qazi olub.

Tədbir çərçivəsində fəal oxucular müəllimə, məktəbə, elmə, təhsilə həsr edilmiş şeirlər söyləyiblər. Kitabxana əməkdaşlarının təşkil etdikləri “Ən şərəfli peşə” başlıqlı sərgiyə baxış olub.

***

Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində, həmçinin Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən Uşaq musiqi məktəblərində Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə müəllimlərin ifasında müxtəlif janrlarda musiqilər səsləndirilib, çıxış edənlər bu günün yaranma tarixindən və müəllimlik peşəsinin, nə qədər çətin olsa da, bir o qədər şərəfli peşə olmasından danışıblar.

***

Astara rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir təşkil edilib. Uşaq şöbəsinin fəal oxucularının iştirak etdiyi tədbirdə çıxış edənlər əlamətdar günün tarixindən söz açıblar. Bildirilib ki, müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Sonda balaca oxucular tərəfindən şeirlər səsləndirilib.

Astara rayon Heydər Əliyev Mərkəzində də əlamətdar gün qeyd olunub. Tədbirdə “Ulu öndər Heydər Əliyev müəllimlər haqqında” adlı film nümayiş olunub. İştirakçılar rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən və mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan ibarət sərgiyə də baxıblar.

***

Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında “Müəllim – keçmişin əmanətçisi, gələcəyin qurucusu” adlı konsert proqramı keçirilib.

Nazirliyin İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Həcərxanım Məmmədova çıxış edərək deyib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün də uğurla davam etdirilir.

Daha sonra konsert proqramı təqdim olunub. Uşaq musiqi məktəblərinin müəllimləri tərəfindən Vasif Adıgözəlovun “Qərənfil”, Səid Rüstəmovun “Hardasan?”, Hacı Xanməmmədovun “Yaşa, könül”, Edith Piafın “La foule” və digər musiqi nümunələri ifa edilib. Konsert tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

***

Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Dövlət Universitetində (NDU) tədbir keçirilib.

Universitetin rektoru Elbrus İsayev professor-müəllim heyətinin timsalında bütün pedaqoqları təbrik edib, müəllim əməyinin, zəhmətinin əhəmiyyətindən söz açıb. Tarix üzrə fəlsəfə doktoru, dosent, 54 illik pedaqoji təcrübəsi olan İsmayıl Zeynalov və NDU-nun ən gənc pedaqoqu Aygün Yusifova ürək sözlərini bölüşüblər.

Universitetin İncəsənət fakültəsi ilə Musiqi kollecinin hazırladığı musiqi proqramı təqdim olunub.

Hazırladı: N.Məmmədli