Xəbər verdiyimiz kimi, 1 oktyabr – 1 noyabr tarixlərində İstanbulda keçirilən VI Maltəpə Beynəlxalq Teatr Festivalına Gəncə Dövlət Milli Dram Teatrı da dəvət alıb.

Avrasiya Teatrlar Birliyi (ATB) və Maltəpə Bələdiyyəsinin birgə keçirdiyi festivala Gəncə kollektivi türk yazıçı-dramaturqu Əziz Nesinin “Toros canavarı” pyesi əsasında hazırlanan tamaşanı aparıb. Səhnə işi oktyabrın 4-də Türkan Saylan Mədəniyyət Mərkəzində nümayiş olunub.

Səfər haqqında danışan teatrın aktyoru və ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərovun sözlərinə görə, 500 nəfərlik tamaşaçı zalında bütün biletlər satılmışdı. Tamaşaçıların alqışları səhnə işinin uğurlu alınmasının sübutu idi.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, ATB-nin baş katibi Kubilay Erdelikara, rejissoru Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edirlər.

Məlumat üçün deyək ki, budəfəki festivalda 11 ölkədən ümumilikdə 29 teatr 32 tamaşa ilə təmsil olunur.