Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə 2–8 oktyabr tarixlərində keçirilən “Baku Cinema Breeze” (BCB) festivallar festivalına bu il 15-cisi təşkil edilən Bakı Beynəlxalq Film Festivalı da daxildir.

Oktyabrın 5-də Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub.

Festivalın direktoru Fehruz Şəmiyev bildirib ki, ötən illər ərzində festival çox istedadlı insanları böyük auditoriyaya tanıdıb. Festival bundan sonra da auditoriyasını genişləndirməyi hədəfləyir.

ARKA-nın direktoru vəzifəsini icra edən Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyib: “Kinematoqrafiyanın inkişafına təkan verən hər bir festivalı alqışlayırıq. Çox şadıq ki, belə uğurlu layihələrdən biri də 15 illik böyük yol qət etmiş bugünkü festivaldır. Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm”.

O diqqətə çatdırıb ki, Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib və ölkəmizin ən uzunömürlü festivalıdır.

Sonra festivalın fəxri “Qızıl nar” mükafatı Xalq artistləri Həmidə Ömərova və Şükufə Yusupovaya təqdim olunub.

Bildirilib ki, builki festival çərçivəsində ümumilikdə 26 ölkəni təmsil edən 79 film Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Qeyd edilib ki, yubileyinə yeniliklərlə gələn festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini də keçirir. Festivalın yerli müsabiqəsinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Ümumilikdə yerli müsabiqə proqramında 25 ekran əsəri var.

Festivalın proqramına “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, “Birgə film istehsalı” mövzusunda fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan premyerası, ustad dərsləri, film nümayişlərindən sonra müəlliflərlə müzakirələr də daxildir.

Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Council” və Azərbaycan Prodüserlər Gildiyası yer alır. Media dəstəkçiləri arasında “Mədəniyyət” qəzeti də var.

Beynəlxalq jüri isə Siddiq Barmak, Mahmut Fazıl Coşkun, Can Özbatur, İsmayıl Monsef, Yevgeni Mayzel, Eldar Yoldaşev, Zümrə Ərtürk kimi tanınmış simalardan ibarətdir.

Səhnəyə dəvət olunan münsiflər heyətinin üzvləri festivalın işinə uğurlar arzulayıblar.

Sonra festivala təqdim olunmuş filmlərdən fraqmentlər göstərilib.

Festival haqqında daha ətraflı növbəti sayımızda.