Milli kino sənətimizin inkişafında əməyi olan sənətkarlarımızdan biri də yazıçı, şair, kinodramaturq, jurnalist Əli Qafarovdur. Tanınmış sənətkar əsərlərində milli-mənəvi dəyərlərimiz, daş yaddaşlarımız olan tarix-memarlıq abidələrimizə işıq salıb, onların bərpası, qorunması və təbliği üçün səy göstərib.
Əli Hüseyn oğlu Qafarov 16 oktyabr 1935-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətində dünyaya göz açıb. Bir müddət sonra valideynləri Lənkəran şəhərinə köçür. Əli 1954-cü ildə orta məktəbi müvəffəqiyyətlə başa vurub indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Universitetin ikinci kursunu bitirəndən sonra, 1956-cı ildə Moskvaya – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ssenari fakültəsində təhsil almağa göndərilir. Bir müddət sonra o, kurs yoldaşları ilə birgə gizli gənclər dərnəyinə üzv olur. Sonra bu dərnəyin təşkilatçılarından biri kimi ittiham olunur və cəzalandırılır. 10 il Sibir düşərgələrində cəza çəkir. İki il Ümumittifaq “Hidroenerjilayihə” İnstitutunda, Anqarsk geoloji ekspedisiyasında topoqrafik və qazma dəstələrində fəhlə işləyir. Bu illər Əli Qafarov üçün sərt həyat məktəbi olur. Sonralar respublika və ümumittifaq dövri nəşrlərində Əli Qafarovun “Sibir” hekayələri işıq üzü görür. Beləliklə, o, ədəbi ictimaiyyətin diqqətini özünə cəlb edir.
Əli Qafarovun həyat və fəaliyyətini tədqiq edən kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə yazır ki, o, Vətənə qayıtdıqdan sonra qələmini jurnalistikada sınayır. 1962-ci ildə “Bakinski raboçi” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayır. Ancaq kinodramaturq olmaq arzusu onu rahat buraxmır və bu sahədə təhsil almağa qərar verir. 1968-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursuna daxil olur. Məşhur kinodramaturq Aleksey Kaplerin emalatxanasında təhsil alır.
Əli Qafarov “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Qızıl qaz”, “Çarvadarların izi ilə” bədii və “Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Dirçəldilmiş torpaq”, “Odla təmasda”, “Xəzər Atlantidası” və s. sənədli filmlərin ssenarilərini yazır. O, “Çarvadarların izi ilə” (rejissor Tofiq İsmayılov) bədii televiziya filminin ssenarisini Xalq yazıçısı İlyas Əfəndiyevin “Körpüsalanlar” romanının motivləri əsasında qələmə alıb. Keçmişlərdə çarvadar çətin və təhlükəli dağ yolları ilə yerli sənətkarların istehsal etdikləri malları uzaq ölkələrə aparan bacarıqlı tacirlərə deyilib. Filmin qəhrəmanı Adil inşaatçı mühəndisdir. Doğma kəndlərinə yol çəkmək istəyir. Yolun tikintisi ilə bağlı təklif rayon rəhbərliyi tərəfindən bəyənilir. Lakin mühəndis bu işdə bir məsələni diqqətdən qaçırır. Adil vəzifəsindən istifadə edərək yolu tez təhvil vermək istəyir. Planı yerinə yetirmək üçün yol üstündəki tarixi abidə və insanların müqəddəs hesab etdikləri türbələri uçurmaq fikrinə düşür. Adilin bu hərəkəti əhalinin narazılığına səbəb olur. Yolçəkənlərlə sakinlər arasında ciddi münaqişə baş verir...
Rejissor T.İsmayılov xatirələr kitabında film haqqında yazıb: “Filmin əsas ideyası kəndimizin keçmişini, onun ab-havasını ekranda canlandırmaq, illərin dəyərli yadigarı olan, tarixi memarlıq abidələrimizi üzə çıxarmaq və qorumaqdır. Çünki keçmişdən yadigar qalan hər daşa, gözoxşayan hər bir gözəlliyə ehtiram, qayğı bizim vətəndaşlıq borcumuzdur”.
Rejissor S.Bədəlovun 1969-cu ildə lentə aldığı “Mahnıya həsr olunmuş həyat” filmi görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovadan bəhs edir. Filmdə diktor mətni yoxdur. Filmi müğənninin özü şərh edir. Bu nə qədər çətin olsa da, uğurlu alınıb. Filmdə sənətkarın həyat və yaradıcılığı öz parlaqlığı ilə canlanır.
Ə.Qafarov və Ə.Muğanlının ssenariləri əsasında rejissor Y.Əfəndiyevin lentə aldığı “Odla təmasda” filmi Azərbaycan xalqının digər xalqlarla dostluq və əməkdaşlığına həsr olunub. İlk kadrlarda Bakı haqqında danışılır. Bildirilir ki, şəhərin min ildən də artıq yaşı var. Sonrakı kadrlarda məlum olur ki, Sumqayıtda hazırlanan borulardan Bakı neftçiləri Hindistan torpağında qazdıqları quyularda istifadə ediblər. Filmdə Bağdadda yaradılan ilk milli balet məktəbi ilə tanış oluruq. Həmin məktəbə SSRİ Xalq artisti Qəmər Almaszadə rəhbərlik edir...
Tanınmış kinodramaturq həyatdan vaxtsız köçür. Yaradıcılığının ən bəhrəli çağında – 1979-cu ildə, 44 yaşında faciəli şəkildə həlak olur.
Yazıçının vəfatından bir müddət sonra hekayə və povestlərindən ibarət “Qızıl qaz” adlı kitabı 1984-cü ildə Moskvada işıq üzü görüb.
Savalan Fərəcov