Olaylar, faktlar (11 – 15 oktyabr)

 

211 il əvvəl...

 

12 oktyabr 1813-cü ildə Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu) yerləşən Gülüstan kəndində bağlanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları – Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb. Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı.

 

144 il əvvəl...

 

13 oktyabr 1880-ci ildə Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci ildə (7 oktyabr) imzaladığı sərəncamla 13 oktyabr Azərbaycanda “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.

 

103 il əvvəl...

 

13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası – Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəddə 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirilib, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşib. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi də təsbit edilib.

 

101 il əvvəl...

 

13 oktyabr 1923-cü ildə Ankara Türkiyənin yeni paytaxtı olub. 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin toplandığı və Qurtuluş mücadiləsinin idarə olunduğu şəhər yeni Türkiyənin faktiki mərkəzi idi. Cümhuriyyətin elanı (29 oktyabr) ərəfəsində Mustafa Kamal Atatürkün təşəbbüsü ilə paytaxt İstanbuldan Ankaraya köçürüldü.

 

100 il əvvəl...

 

12 oktyabr 1924-cü ildə Ukrayna SSR tərkibində Moldaviya Muxtar Sovet Sosialist Respublikası təşkil olunub. 1940-cı ildə Sovet İttifaqı tərəfindən Bessarabiya Rumıniyadan qoparıldı və bu bölgənin Moldaviya MSSR-lə birləşdirilməsi nəticəsində Moldaviya SSR (2 avqust 1940) – indiki Moldova Respublikası yaradıldı.

***

14 oktyabr 1924-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Mərkəzi Asiyada milli-ərazi bölgüsü ilə bağlı müvafiq qərarından sonra RSFSR tərkibində Qara-Qırğız Muxtar Vilayəti yaradılıb. Muxtar vilayət 2 il sonra muxtar respublikaya, 1936-cı ildə isə Qırğızıstan SSR-ə çevrildi. Eyni gündə Özbəkistan SSR tərkibində Tacikistan MSSR yaradılıb. 1929-cu ildə muxtar respublika Tacikistan SSR-ə çevrildi.

 

21 il əvvəl...

 

15 oktyabr 2003-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın  məlumatına görə, səsvermədə seçicilərin 71 faizi iştirak etmişdi. Baş nazir İlham Əliyev 76,84 faiz səs qazanaraq Azərbaycanın yeni Prezidenti seçildi.

 

12 il əvvəl...

 

11 oktyabr 2012-ci ildə BMT-də “Beynəlxalq Qız Uşaqları Günü” haqqında qətnamə qəbul olunub. Bu gün çərçivəsində dünya qız uşaqlarının təhsil hüququ, onlara qarşı cinsi ayrı-seçkilik, zorakılıq və məcburi evlilik kimi məsələlər gündəmə gətirilir.

Hazırladı: V.Orxan