Azərbaycan Aşıqlar Birliyi (AAB), Şamaxı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi, ustad aşıq Ağamurad İsrafilovun (Şirvanlı) 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Rayonun icra başçısı Tahir Məmmədov, AAB-nin sədri professor Məhərrəm Qasımlı, Dağlıq Şirvan RMİ-nin rəisi Vasif Qurbanzadə, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı və digər çıxış edənlər Ağamurad Şirvanlını təbrik edib, ona xoş arzularını çatdırıblar.
Yubilyara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Bədii hissədə Xalq artistləri Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Elnarə Abdullayeva, Şirzad Fətəliyev, Əməkdar mədəniyyət işçisi Aşıq Samirə, Aşıq Əli, xanəndələr Nemət Ərəboğlu, Abgül Mirzəliyev və “İncə tellər” aşıqlar ansamblı çıxış ediblər. İfalar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Ağamurad İsrafilov Şamaxı rayon Əfzələddin Xaqani Şirvani adına Mədəniyyət Mərkəzinin Mərzəndiyyə kənd klubunun müdiri, eyni zamanda AAB-nin Şirvan bölməsinin sədridir.