Ölkə teatrlarının yaradıcılıq əlaqələrinin genişləndirilməsi məqsədilə Qax rayon İlya Çavçavadze adına Dövlət Gürcü Dram Teatrında bir qrup gürcü sənət adamı ilə görüş keçirilib.

Görüşdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi vəzifəsini icra edən Nargilə Qafarova, aparıcı məsləhətçisi Vüsal Həsənov, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova, Gürcüstandan gələn qonaqlar – bəstəkar Mariam Kvaliaşvili, teatrşünas Tika Şvanidze, qonşu ölkənin Xalq artisti Leba Arabidze, aktrisa Nanuli Sarajaşvili, həmçinin bir sıra mədəniyyət xadimləri və gənclər iştirak ediblər.

Çıxışlarda multikultural dəyərlərin qorunmasından, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsindən söhbət açılıb.

***

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Səməd Vurğun adına şəhər Folklor evi, Lütfəli Abdullayev adına şəhər Diyarşünaslıq klubu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəki regional bölməsinin birgə təşkilatçılığı ilə “Ailə münasibətlərinin cəmiyyətin inkişafında rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Çıxışlarda ailədaxili problemlər, ailə psixologiyası, valideyn-övlad münasibətlərinin formalaşması, eləcə də ailə dəyərlərinin cəmiyyətdə rolu məsələlərinə toxunulub.

***

Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə şəhər məktəbliləri arasında “Yaşıl ətraf mühit və təhlükəsizlik naminə” adlı intellektual yarış keçirilib. Tədbirin məqsədi məktəblilərdə ekoloji maarifləndirməni artırmaq və onları ətraf mühitin qorunmasına töhfə verməyə təşviq etməkdir.

Şirvan şəhər 1 nömrəli tam orta məktəb I, 11 nömrəli tam orta məktəb II, 4 nömrəli tam orta məktəb isə III yerə layiq görülüb. Qaliblərə fəxri fərmanlar və kuboklar təqdim olunub.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən görkəmli rus şairi, yazıçı-dramaturq Mixail Lermontovun (1814-1841) 210 illiyi ilə əlaqədar müəllifin “Aşıq Qərib” əsərinin oxusu keçirilib.

Tədbirdə məlumat verilib ki, cəmi 27 il ömür sürən M.Lermontov bu qısa dövrdə olduqca maraqlı əsərlər yazıb. Oğuz-türk mənşəli “Aşıq Qərib” nağılının Azərbaycan versiyası 1837-ci ildə Lermontov tərəfindən qələmə alınıb. 1846-cı ildə dərc olunduqdan sonra əsər rusdilli ədəbi mühitdə geniş şöhrət qazanıb.

Kitabxana əməkdaşının ucadan oxuduğu əsər uşaqlar tərəfindən maraqla qarşılanıb.

***

Salyan rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. Salyan rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən “Vətən bizim and yerimiz” layihəsi çərçivəsində təşkil edilən turnir oktyabrın 14-də yekunlaşacaq.

***

Ağstafada fərdi təhsilə cəlb olunan uşaqlarla görüş keçirilib. Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz RMİ-nin rəisi vəzifəsini icra edən Nail Məmmədov, məsul şəxslər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların da keyfiyyətli təhsil almaları daim diqqətdə saxlanılır. Onların asudə vaxtlarının səmərəli təşkili, istedadlarının aşkara çıxarılması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Nağıl qəhrəmanlarının iştirakı ilə təqdim olunan səhnəciklər və əyləncəli proqramlar uşaqlar tərəfindən sevinclə qarşılanıb.

***

Masallı rayon Mərkəzi Kitabxanasında “Narkomaniya bəşəriyyəti təhdid edən böyük bəladır” adlı tədbir təşkil edilib. Qeyd olunub ki, bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi dövlətimizi bütün imkanları səfərbər edərək bu bəlanın kökü kəsilməsi istiqamətində beynəlxalq mübarizəyə qoşulmağa sövq edib. Diqqətə çatdırılıb ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq.

***

Masallı rayonunun Boradigah qəsəbəsində şəhid İnqilab Nağıyev adına 2 saylı tam orta məktəbdə “Ailə milli dəyərlərimizin daşıyıcısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsi, Lənkəran-Astara RGİİ və Lənkəran-Astara RTİ-nin rayon üzrə sektorunun təşkilatçılığı ilə gerçəkləşib. Yeniyetmələrlə mövzu ətrafında diskussiya aparılıb və onlara kitablar hədiyyə olunub. Yekunda mövzu ilə bağlı videoçarx izlənilib.

N.Məmmədli