Dərbənd Dövlət Azərbaycan Dram Teatrında Miroslav Mitroviçin “Gecəyarısı soyğunçuluq” pyesinin motivləri əsasında hazırlanan “Oğru” tamaşasının premyerası olub.
Teatrın baş rejissoru Əməkdar artist Sərvər Əliyevin qəzetimizə verdiyi məlumata görə, tamaşanı Rusiyanın Əməkdar artisti Tamerlan Sabanov hazırlayıb, səhnə tərtibatını Dağıstanın Əməkdar rəssamı Dəmir İsaakov verib.
Rolları Aygün Nəcəfova, Şükufə Məlikova (Dağıstanın Əməkdar artisti), Mirzəağa Cum-cum, Osman Mehrabov və Orxan Əliyev oynayırlar.
Baş rejissorun sözlərinə görə, tamaşa tragikomik səhnələrlə zəngindir. Ticarət mərkəzinə vergidən yoxlama gələcəyini eşidən direktor gecəni iş otağında qalıb sənədləri sahmana salmaq fikrinə düşür. Külli miqdarda pul oğurlayan direktor heç cür əməllərini ört-basdır edə bilmir. Elə bu vaxt ticarət mərkəzinə oğru girir...
Oyun içərisində oyun kimi qurulan tamaşa teatrın cari rüb üçün repertuar planına daxildir.