Şəhid qəhrəmana həsr olunan kitab təqdim edildi

 

2020-ci ilin Vətən müharibəsi şəhidi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Teymur Məcidzadənin xatirəsinə həsr edilən “Şuşada bitən yuxular” kitabının təqdimatı keçirildi.

Şəhidin dünyaya gəldiyi 10 oktyabrda UNEC-də təşkil olunan tədbirdə qəhrəmanın ailə üzvləri, millət vəkilləri iştirak edirdilər.

Tədbirin aparıcısı Jalə Həsənli bildirdi ki, Teymur Tehran oğlu Məcidzadə 1992-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra ailəsi Bakıya pənah gətirib.

Məcid burada orta məktəbi bitirdikdən sonra 2010–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. Sərhəd Qoşunları tərkibində əsgəri xidmətini başa vuran Məcid həyatını hərbçi kimi davam etdirmək qərarına gəlir. İkinci ali təhsil kimi Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna daxil olur. Hərbi təhsilini uğurla başa vuraraq leytenant rütbəsi alır.

Hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunan Teymur Məcidzadə Vətən müharibəsində Füzuli rayonundan Şuşayadək döyüş yolu keçib. Doğulduğu Gecəgözlü kəndinin işğaldan azad edilməsində iştirak edib və kəndə ilk ayaq basan hərbçilərdən  olub. 2020-ci il noyabrın 9-da, Vətən müharibəsinin 43-cü günündə, savaşın bitməsinə saatlar qalmış Şuşa rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. Bakıda Fəxri xiyabanda torpağa tapşırılıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra III dərəcəli “Rəşadət”, “Vətən uğrunda”, Cəbrayıl, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını dedilər.

Vurğulandı ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini izləyərkən şəhidlərimizin xatirəsini dərin ehtiramla yada salır, qazilərimizə minnətdarlıq edirik.

“Şuşada bitən yuxu” kitabının müəllifi Könül Qurbanova, Teymur Məcidzadənin anası Yasəmən xanım tədbirin təşkilatçılarına və iştirakçılarına, kitabın hazırlanmasında dəstəyinə və nəfis şəkildə çapına görə “Zərdabi” və “Təhsil” nəşriyyatlarına təşəkkür etdilər.

Bədii hissədə Əməkdar artist Nuriyyə Hüseynova və Beynəlxalq Muğam Mərkəzinin solisti Mirələm Mirələmovun vətənpərvərlik ruhunda ifaları təqdim olundu. Ağdam rayon 33 nömrəli orta məktəbin 4-cü sinif (Teymur Məcidzadə adına) şagirdləri və Pirallahı rayon Yavər Əliyev adına 225 nömrəli məktəbin şagirdləri şəhidlərə həsr olunan kompozisiya ilə çıxış etdilər. 

Lalə Azəri