“Xınalıq kəndi və Köç yolu” ötən il UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məqsədimiz Xınalıq kəndində görülən işləri media vasitəsilə təqdim etməkdir.

Bunu Xınalıq kəndinə mediatur zamanı Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.

O diqqətə çatdırıb ki, Xınalıq kəndi Azərbaycanın ən qədim ərazilərindən biridir. Biz burada məskunlaşan sakinlərlə daim təmasdayıq və onlara dəstək göstəririk. Kənddə 130-dan çox ev var. İndiyə kimi 60 evlə bağlı layihə həyata keçirilib, 41 ev tam bərpa olunub. Qalan evlərlə bağlı işlər davam edəcək.

Xınalığa aid layihə hazırda nəzərdə tutulan 22 layihədən biridir. Digər 21 obyekt üzrə də işlər görülür ki, onların arasında icra, layihələndirmə, ekspertiza və tender mərhələsində olan işlər var.

Bunu isə jurnalistlərə açıqlamasında DTA-nın baş memarı Nizami Qasımov söyləyib. O bildirib ki, layihələrin spesifikası qarışıqdır. Tuğda (Xocavənd rayonu – red.) turizm infrastrukturu inşa edirik, amma Şəkidə muzey və yaxud şəbəkə emalatxanası yenidən bərpa olunur.

Qeyd edək ki, mediatur “Xınalıq və Köç yolu”nun Dünya İrs Siyahısına salınmasının ildönümü münasibətilə təşkil olunub.

DTA tabeliyində “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb. Ötən il sentyabrın 18-də isə UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyasında (Ər-Riyad şəhəri, Səudiyyə Ərəbistanı) “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.