Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə 2–8 oktyabr tarixlərində keçirilən “Baku Cinema Breeze” (BCB) Beynəlxalq Festivalının çətiri altında təşkil olunan ənənəvi kino layihələrindən biri də bu il 15-cisi gerçəkləşən Bakı Beynəlxalq Film Festivalı idi.

Oktyabrın 8-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev layihənin keçdiyi yoldan söz açıb. Bildirib ki, 4-8 oktyabr tarixlərini əhatə edən budəfəki festivalda filmlərin seçiminə xüsusi həssaslıqla yanaşılıb: “Festivala təxminən 800 film təqdim olunmuşdu. Seçim prosesində iştirak edən münsiflərə təşəkkür edirəm. Kinosevərlərə minnətdaram ki, beş gün müddətində filmləri izlədilər. Düşünürəm ki, bu günlər, sadəcə, kino nümayişləri ilə yox, həm də yeni əlaqələrin qurulması, sənət müzakirələri ilə də yadda qaldı”.

Sonra festivalın qalibləri elan edilib və müvafiq nominasiyalar üzrə “Qızıl nar” mükafatları sahiblərinə verilib.

Beynəlxalq müsabiqənin “Tammetrajlı film” kateqoriyasında “Ən yaxşı təsvir rejissoru” üzrə azərbaycanlı rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi qalib olub.

“Ən yaxşı ssenari” kimi “Bazar günü” (Şakir Xolikov – Özbəkistan), “Ən yaxşı rejissor” nominasiyasında “Rosinante” (Baran Gündüzalp – Türkiyə), “Ən yaxşı tammetrajlı”  nominasiyasında “Baurına salu” (Asxat Kuçinçirekov – Qazaxıstan) filmi mükafat qazanıb. Bu kateqoriyada “Münsiflər heyətinin xüsusi qeydi” mükafatı rusiyalı rejissor İra Basın “Balam” filminə verilib.

Beynəlxalq müsabiqənin “Qısametrajlı filmlər” kateqoriyası üzrə “Münsiflər heyətinin xüsusi qeydi”nin mükafatına “Taksidermist” (Behzad Alavi, Süsən Salamat Çaqoşi – İran) və “Acqarına getməyək” (Yiğit Hepsev – Türkiyə) filmləri layiq görülüb.

Bu kateqoriyada həmçinin aşağıdakı nominasiyalar üzrə qaliblər olub: “Ən yaxşı animasiya” – “Atamın məktubları” (Aleksey Yevstinqneyev – Fransa); “Ən yaxşı sənədli film” – “Valeriya” (Sara Yurinçik – Xorvatiya); “Ən yaxşı rejissor” – “Çuxur” (Kristian Bekə, Oliver Şvabe – Almaniya); “Ən yaxşı bədii film” – “Demək olar, tamamilə yanlışdır” (Cansu Baydar – Türkiyə).

Festivalın “Asiya istedadları” müsabiqəsində “Ən yaxşı film” nominasiyasında “Fələstin adaları” (Nur bin Selem, Jülyen Menantu – Fələstin) filmi qalib elan edilib. Münsiflərin xüsusi mükafatı isə iranlı rejissor Alireza Şakerinin “Bədən alverçisi” filminə verilib.

Festivalın təsisçisi Gənc Kinematoqrafçılar Mərkəzinin də mükafatları sahiblərini tapıb. Bu mükafat Hindistandan “Umeşin xronikası” (Puca Kaul) və Koreya Respublikasından “Səsin arzusu” (Şinyu Kan) filmlərinə qismət olub.

***

Mərasimdə festivalın yerli müsabiqəsinin də qalibləri elan edilib.

“Ən yaxşı sənədli film” nominasiyasında “Babamın evi” (Leylaxanım Qənbərli), “Ən yaxşı ssenari” “Şam bağı” (İlkin Umarov), “Ən yaxşı rejissor işi”ndə “Qırmızı planetin ikinci rəngi” (Azər Quliyev), “Ən yaxşı bədii film” üzrə isə “Quyu” (Rufat Ray) filmləri mükafat alıb.

Münsiflər heyətinin xüsusi mükafatını “Baba haqqı” sənədli filmi (Nicat Qulam) qazanıb. “Qəfəs” filminin rejissorları (Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyev) isə “Münsiflər heyətinin qeydi” üzrə fərqləniblər.

Qeyd edək ki, ölkəmizin ən uzunömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin film festivallarında uğur qazanmış, “Oskar” laureatı olmuş filmlərin nümayiş məkanına çevrilib. Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Council” və Azərbaycan Prodüserlər Gildiyası yer alıb. Festivalın media tərəfdaşları arasında “Mədəniyyət” qəzeti də var.