“Şuşa – Azərbaycanın tarixi və mədəni incisi”

 

Oktyabrın 8-dən 10-dək Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən XIX Beynəlxalq Mədəni Turizm Sərgisində “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi nümayiş olunub.

Bu barədə ölkəmizin Bolqarıstandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, sərgidə səfirliyin təşəbbüsü və Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın füsunkar təbiətini, tarixi abidələrini və özünəməxsus rəngarəng arxitekturasını əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Səfir Hüseyn Hüseynov Şuşanın Azərbaycanın tarixində və mədəniyyətində tutduğu əvəzsiz yeri, zamanında Qafqazın ticari və iqtisadi mərkəzlərindən biri olması, Şərq ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr barədə danışıb.

Otuz ilə yaxın sürən erməni işğalından sonra Şuşanın 2020-ci ildə azad edildiyini və 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu deyən səfir vurğulayıb ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa edilən şəhər yenidən təkcə Azərbaycanın deyil, bütün Qafqazın parlaq incisinə çevrilməkdədir.

Veliko Tırnovo şəhərində keçirilən beynəlxalq sərginin turizm bölümündə Azərbaycanın mədəni turizm potensialını təşviq edən milli stend yer alıb, ölkəmizin gözəl təbiətini, qədim tarixini və adət-ənənələrini əks etdirən fotoşəkillər, suvenirlər və xalılar nümayiş etdirilib, qonaqlara onlar barədə ətraflı məlumat verilib, eyni zamanda milli mətbəx nümunələri təqdim olunub.

Xatırladaq ki, Bolqarıstanda ənənəvi olaraq keçirilən Beynəlxalq Mədəni Turizm sərgisi Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə sərgi platformasıdır.