Olaylar, faktlar (16 – 20 oktyabr)

 

20 oktyabr Azərbaycanda “Energetiklər günü”dür. 1981-ci ilin həmin günü Mingəçevirdə respublika energetikasının flaqmanı – “Azərbaycan” İES-in birinci bloku istifadəyə verilib. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı fərmanla bu tarix energetiklərin peşə bayramı elan olunub.

 

171 il əvvəl...

 

16 oktyabr 1853-cü ildə Krım müharibəsi başlanıb. Müharibədə Rusiya və ona qarşı Osmanlı, Britaniya və Fransa alyansı çıxış edirdi. Üç il sürən müharibənin yekununda (1856-cı il 30 mart, Paris sülhü) Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edildi. Bessarabiyanın cənubu Osmanlıya verildi. Rusiya 1878-ci ildə Osmanlı ilə müharibədən sonra itirdiyi mövqeləri özünə qaytardı.

 

157 il əvvəl...

 

18 oktyabr 1867-ci ildə Rusiyadan satın alınan Alyaska rəsmən ABŞ-nin ərazisi elan edilib. Rusiya İmperiyası Senatı həmin ilin 30 martında imzalanmış müqaviləni təsdiq etdikdən sonra müvafiq protokol ABŞ rəsmilərinə təqdim edilib. Alyaska (1,5 milyon kvadrat kilometr) o dövr üçün böyük məbləğ sayılan 7,2 milyon dollara (qızılla) ABŞ-yə satılmışdı. 18 oktyabr ABŞ-də “Alyaska günü” kimi qeyd edilir.

 

113 il əvvəl...

 

18 oktyabr 1911-ci ildə Osmanlı ilə İtaliya arasında Liviya uğrunda gedən müharibənin başa çatmasına dair sülh sazişi imzalanıb. Osmanlı paytaxt Tripoli də daxil olmaqla Liviyanın bir hissəsini İtaliyanın nəzarətinə keçməsinə razılaşıb.

 

101 il əvvəl...

 

20 oktyabr 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) “Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında” dekret qəbul edib. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.

 

33 il əvvəl...

 

18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovet  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub. 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

***

19 oktyabr 1991-ci ildə erməni silahlı dəstələri Qarabağda azərbaycanlı əhaliyə qarşı daha bir terror aktı törədib. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında minik avtomobilinin partladılması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

4 il əvvəl...

 

17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Füzuli şəhərini Ermənistanın işğalçı qüvvələrindən azad edib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla 17 oktyabr Füzuli Şəhəri Günü elan edilib.

Hazırladı: V.Orxan