Mədəniyyət naziri Kukla teatrı və “Yuğ” teatrının kollektivləri ilə görüşüb

 

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında olub, kollektivlə görüşüb söhbət edib.

93 illik zəngin keçmişə malik, milli kuklaçılıq ənənələrini layiqincə yaşadan sənət ocağı haqqında söz açan nazir dövlət teatr müəssisələri ilə ilk görüşün buradan başlamasının təsadüfi olmadığını deyib. Bildirilib ki, teatr tamaşa-plan göstəriciləri, repertuar siyasəti, daxili və xarici qastrollar, beynəlxalq festivallarda iştirak baxımından öz fəaliyyəti ilə seçilir.

Qarşıda duran məqsəd və vəzifələrdən danışan Adil Kərimli yeni dövrün çağırışlarının teatrların fəaliyyətində nəzərə alınmasının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, çağdaş sənət meyilləri, dünya teatr prosesinə inteqrasiya ilə yanaşı, milli ənənələrə əsaslanan repertuar siyasəti qurulmalıdır. Eyni zamanda istedadlı, ixtisaslı gənclərin sənət ocağına cəlb edilməsi, yaradıcı və texniki heyətin xarici ölkələrdə təkmilləşmə kurslarında, ustad dərslərində iştirakı da diqqətdə saxlanılmalıdır.

Daxili qastrol marafonunun bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən nazir kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə səmimi görüşə, kollektivin fəaliyyəti haqqında xoş sözlərə görə nazirə təşəkkürünü bildirib.

Direktor fəaliyyətlərində Mədəniyyət Nazirliyinin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayıb. O, ölkədəki digər dörd kukla teatrı (Gəncə, Salyan, Qax, Naxçıvan) üçün mərkəz funksiyasını da yerinə yetirən Azərbaycan Dövlət Kukla Teatrının statusu ilə bağlı məsələni qeyd edib, eləcə də ömrü şırma arxasında keçən kuklaçıların əməyinin qiymətləndirilməsini arzuladıqlarını diqqətə çatdırıb.

Teatrın mütəmadi şəkildə yüksək kateqoriyalı beynəlxalq festivallarda iştirak etdiyini deyən direktor vaxtilə ölkəmizdə keçirilən “Cırtdan” Bakı Beynəlxalq Kukla Teatrları Festivalı formatında yeni bir layihənin həyata keçirilməsinin əhəmiyyətli olacağını bildirib.

Teatrın yaradıcı heyət üzvləri də çıxış edərək fikirlərini bölüşüb, arzu və təkliflərini diqqətə çatdırıblar.

***

Mədəniyyət naziri Adil Kərimli həmin gün Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi ilə də görüşüb.

Azərbaycan Dövlət Kukla Teatrı binasında keçirilən görüşdə nazir “Yuğ” teatrının Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu qeyd edib. Bildirilib ki, teatr maraqlı tamaşaları, həyata keçirdiyi layihələrlə yanaşı, xaricdə də ölkəmizi uğurla təmsil edir.

Azərbaycan Dövlət Yuğ Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov kollektivlə görüşə gəldiyi üçün nazirə təşəkkür edib.

Direktor teatrın illərdir bina problemi yaşadığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1989-cu ildən studiya kimi, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyət göstərən “Yuğ” teatrı 2016-cı ildən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir. Məkan problemi yaradıcı fəaliyyətə və davamlı iş prosesinə mənfi təsir göstərir.

Teatrın baş rejissoru Mikayıl Mikayılov, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyor və rejissor Əbdülqəni Əliyev çıxış edərək teatrın uğurlarından, yaradıcılıq prosesindən, eləcə də mövcud problemlərdən danışıblar.

Adil Kərimli teatrın bina məsələsinin diqqətdə olduğunu və bu problemin qısa zaman ərzində həll ediləcəyini vurğulayıb. O, həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiş təşəbbüslərə, yaradıcı təkliflərə dəstək olmağa hazır olduğunu bildirib.

Nazir görüşün sonunda kollektivə fəaliyyətində uğurlar arzulayıb.