Abşeron-Xızı və Şərqi Zəngəzur RMİ-lərin birgə təşkilatçılığı ilə Xalq şairi Vahid Əzizin Sumqayıtda oxucularla görüşü olub. Tədbir “Onlar bir incidir” layihəsi çərçivəsində reallaşıb.

“Kimyaçı” Mədəniyyət Sarayında keçirilən görüşdə nəğməkar şairin poeziyasının vurğunları ilə yanaşı, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı Əminəxatun Tərlan şairin həyat və yaradıcılığı barədə məlumat verib. Qeyd olunub ki, bədii yaradıcılığa 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan ilk şeiri ilə başlayan şair dövri mətbuatda müntəzəm çıxış edir. Şairin sözlərinə bəstələnmiş mahnıların diski buraxılıb. Onun “Mən küləyi görürəm”, “Aylı pəncərə”, “İllərin baharı”, “Əllərimin kölgəsi”, “Dözmək olmur”, 4 cilddən ibarət “Şeirlər, poemalar, tərcümələr, publisistika” adlı kitabları oxucular tərəfindən maraqla qarşılanır.

Vahid Əziz bəzi şeirləri ilə bağlı xatirələrini bölüşüb, yeni qələmə aldığı bədii nümunələrini oxuyub, iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə hər iki regional idarənin mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən rəngarəng musiqi nömrələri ifa olunub.